“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib

“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib

“Mərkəzi Asiyanın mədəni həyatı, sosial-humanitar elmlərin aktual problemləri” adlı beynəlxalq elmi-nəzəri onlayn videokonfransda Azərbaycan da iştirak edib.

AZƏRTAC xəbər verir ki, videokonfrans Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin (ODƏU) təşkilatçılığı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), M.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun (AAÖİ) və Muxtar Auezov adına Cənubi Qazaxıstan Dövlət Universitetinin dəstəyi ilə baş tutub.

Tədbirdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Rusiya, İtaliya, Qazaxıstan və Tacikistandan 100-dən artıq alim, müəllim və tələbə iştirak edib.

Videokonfransı ÖDƏU-nun rektoru, professor Şöhrət Siracəddinov açaraq pandemiya dövründə belə tədbirlərin keçirilməsinin vacibliyindən danışıb, mövzu ilə bağlı fikirlərini bölüşüb, qonşu dövlətlərin universitetləri arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

AMM-nin direktoru Samir Abbasov konfransın mövzusunun aktuallığından söz açıb, Mərkəzi Asiyada elmin və mədəniyyətin inkişafında Azərbaycan alimlərinin də mühüm rol oynadığını bildirib.

Ölkələrimiz arasında münasibətlərin inkişafından danışan S.Abbasov Özbəkistanın Türk Şurasının tam hüquqlu üzvü olmasını türkdilli dövlətlər arasında münasibətlərin daha da genişlənməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. O deyib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Türk Şurasının Bakıda keçirilən Zirvə görüşündə iştirak etməsi, Azərbaycan Prezidenti İlham Əliyevin Şavkat Mirziyoyevlə görüşməsi əlaqələrimizin inkişafına təkan verir.

Tədbirdə mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi, AAÖİ direktorunun müavini Darya Jiqulskaya və digər alimlərin çıxışları da dinlənib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Mənbə: azertag.az