Slovakiyada COVID-19-la bağlı xüsusi rejimə ehtiyacın olmadığını hesab edirlər

Slovakiyada COVID-19-la bağlı xüsusi rejimə ehtiyacın olmadığını hesab edirlər

Slovakiyada yeni növ koronavirusla əlaqədar xüsusi məhdudlaşdırıcı rejimin qüvvədə qalmasına daha ehtiyac yoxdur.

AZƏRTAC xəbər verir ki, bu fikri ölkə parlamentinin (Milli Şura) sədri Boris Kollar televiziyadakı çıxışında bildirib. Qeyd edib ki, Baş Nazir İqor Matoviçin ikinci dalğanın baş verməməsi üçün xüsusi rejimi qüvvədə saxlamasına anlayışla yanaşır, ölkədə yoluxma hallarının sayı artarsa, bu rejimin köməyi ilə məhdudiyyətlər tətbiq oluna bilər.

Müxalifətdə olan sosial-demokratların (“Smer-SD” -“İstiqamət Sosial Demokratiyadır”) təmsilçisi Peter Ziqa isə hökumətin mövqeyini tənqid edib. Bildirib ki, bir sıra ölkələr pandemiya başlayandan heç xüsusi rejim elan etmədilər və artıq iqtisadi həyatı tam şəkildə bərpa ediblər. Slovak hökumətinin hazırkı mövqeyi isə ölkədə ikinci dalğa ilə nəticələnəcək və bu dalğa iqtisadiyyatın çöküşü dalğası olacaq. P.Ziqa hökumətin daha çox “işsizlik və yoxsulluq pandemiyası”ndan qorxmalı və buna qarşı təxirəsalınmaz tədbirlər həyata keçirməli olduğunu ifadə edib. Xüsusi rejimin qüvvədə qalmasının insanların sərbəst hərəkət azadlığını məhdudlaşdırdığını qeyd edən siyasətçi ikinci dalğa təhlükəsi yaranacağı halda, qısa müddət ərzində xüsusi rejim və fövqəladə vəziyyətin yenidən elan edilməsinin mümkünlüyünə işarə edib.

Qeyd edilməlidir ki, indiyədək Slovakiyada 1521 nəfər yeni növ koronavirusa yoluxub, onlardan 1366 nəfər sağalıb, 28 nəfər isə COVID-19 səbəbindən ölüb.

Mənbə: azertag.az