ABŞ-da qorxulan oldu - ordu küçəyə çıxdı, Milli Qvardiya II Dünya Müharibəsindən sonra ilk dəfə hazır vəziyyətə gətirildi

ABŞ-da qorxulan oldu - ordu küçəyə çıxdı, Milli Qvardiya II Dünya Müharibəsindən sonra ilk dəfə hazır vəziyyətə gətirildi

ABŞ-ın Minneapolis şəhərində amerikalı qaradərili Corc Floydun polis zorakılığı nəticəsində ölümündən sonra başlayan iğtişaşlar bir neçə gündür davam edir.

Baki-xeber.com xəbər verir ki, 30-dan çox şəhəri əhatə edən aksiyalardan sonra Los-Anceles, Atlanta, Çikaqo və Filadelfiya kimi bəzi böyük şəhərlərdə komendant saatları elan edilib.

Nümayişlərin əksəriyyəti dinc şəkildə keçirilsə də, bəzi ərazilərdə polis və etirazçılar arasında qarşıdurma baş verib. Bəzi dükanlar talan edilib, avtomobillər və binalar yandırılıb, polislər gözyaşardıcı qaz və plastik güllələrdən istifadə edirlər.

ABŞ prezidenti Donald Trampın nümayişləri yatırmaq üçün ordu qüvvələrinə vəzifə veriləcəyinə dair açıqlamasından sonra Corc Floydun öldürülməsi ilə əlaqədar nümayişlərin davam etdiyi Minneapolisə çox sayda ABŞ hərbi maşını daxil olub. Ordu birləşmələrinin Minneapolisə girdiyinə dair görüntülər də yayılıb.

Bundan əvvəl "cinayətkar dəstələrin nümayişlərə hakim olmasına icazə verməyəcəyini” deyən Tramp ordunun küçəyə çıxarılacağına dair tapşırıq verdiyini demişdi. Trampın açıqlamasından bir neçə saat sonra ordu Minneapolisə girib. Bununla bağlı görüntülərdə ordu hissələrinin çox sayda hərbi maşınla şəhərə girdiyi görünür.

Minnesota ştatında Milli Qvardiya qüvvələri uzun müddətdən sonra ilk dəfə aktiv fəaliyyətə gətirilib. Minneapolis və Sent Polda nümayişlər, talanlardan sonra Minnesota Milli Qvardiyası İkinci Dünya Müharibəsindən sonra ilk dəfə hazır vəziyyətə gətirilib.

Milli Qvardiya Ağ Evin ətrafında da yerləşdirilib və polislə birlikdə təhlükəsizlik tədbirlərinə cəlb edilib.

Bu arada Tramp, Floydun ölümündən sonra başlayan etirazları zorakılığa çevirməkdə günahlandırdığı ANTİFA qrupunun terror təşkilatı kimi tanınacağını açıqlayıb.

ABŞ-ın Ədliyyə naziri Uilyam Barr, federal təhlükəsizlik qüvvələrinə Minneapolisdə polis zorakılığı nəticəsində Corc Floydun ölümünə görə başlanan etirazları zorakılığa çevirən, ANTİFA qrupu da daxil təxribatçıların həbs edilməsi üçün federal təhlükəsizlik qüvvələrinə təlimat verdiyini açıqlayıb.

"Talançılıq hadisələri ilə əlaqədar ANTIFA və digər oxşar qrupların təhriki və törətdiyi zorakılıq hərəkətləri daxili terrordur və buna görə cavab veriləcək" - Ədliyyə naziri Barr deyib.

Aksiyalarda polislərin etirazçılara və jurnalistlərə qarşı bəzən çox aqressiv və sərt müdaxiləsi də diqqətlərdən yayınmır.

Digər tərəfdən, Floydun ölümündə günahlandırılaraq həbs olunan polis məmuru Derek Şovenin həyat yoldaşı ondan boşanmaq istədiyinə dair vəkili vasitəsilə məlumat yayıb.

Mənbə: www.baki-xeber.com