Deputat parlamentin fəaliyyətini şərh etdi: “Təsir imkanları artır”

Deputat parlamentin fəaliyyətini şərh etdi: “Təsir imkanları artır”

Deputat parlamentin fəaliyyətini şərh etdi: “Təsir imkanları artır”

“Bu gün Milli Məclis tarixdə olmadığı qədər güclü, müasir və aktivdir. Azərbaycan parlamenti artıq ölkəmizdə həyata keçirilən islahatların həm tərkib hissəsi, həm də fəal iştirakçısıdır”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov altıncı çağırış parlamentin fəaliyyətini şərh edərkən deyib.

O bildirib ki, altıncı çağırış parlamentin, komitələrin rəhbərliyində müxalifət nümayəndəsi təmsil olunur. “Bu gün Azərbaycan parlamentində müxtəlif siyasi fikirlər olsa da, bir amal mövcuddur - dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişaf. Deputatlar seçildikləri dairələrdə fəaldırlar, seçicilərlə sıx təmasdadırlar, beynəlxalq əlaqələrin inkişafında fəaldırlar”, - deyə K.Cəfərov əlavə edib.

Deputatın sözlərinə görə, Milli Məclisin iqtisadi, sosial və gənclər siyasətində rolu və təsir imkanları artır:

“Parlament seçkiləri bir daha göstərdi ki, bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur. Bunun da çox sadə səbəbləri var. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Ölkə hərbi potensialını gücləndirib. 2016-2018-ci illərdə hərbi qələbələrimiz hər bir Azərbaycan vətəndaşını fərəhləndirdi və ordumuzun gücünü göstərdi. Son 16 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə artıb, maaşlar, pensiyalar yüksəlir və yüksələcək, müavinətlər də həmçinin. Xarici borc ümumi daxili məhsulun 17 faizinə bərabərdir. Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu rəqəm 100 faizdən çoxdur. Amma bundan daha önəmli məsələ odur ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur”.

K.Cəfərovun fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan azad ölkə kimi yaşayır, müstəqil siyasət aparır, heç kimin işinə qarışmır:

“Həm də heç kimə imkan vermirik ki, bizim işimizə qarışsın. Bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Əminəm ki, Azərbaycan parlamenti də bu prosesin fəal iştirakçısı olacaq”.

Aqşin Kərimov

Mənbə: www.oxu.az