Fransa və ABŞ Lavrovun dediklərini inkar etmirlər, bu o deməkdir ki, rədd də etmirlər

Fransa və ABŞ Lavrovun dediklərini inkar etmirlər, bu o deməkdir ki, rədd də etmirlər

“Facebook”da canlı yayım zamanı ABŞ-ın Ermənistandakı səfiri Lin Treysiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı suallar verilib. İstifadəçilərdən biri, ABŞ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlaması ilə razılaşırmı, deyə sual edib. Xatırladaq ki, təxminən bir ay əvvəl Sergey Lavrov Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin mərhələli prinsiplərə söykəndiyini bildirmişdi. Lavrovun fikrincə, birinci mərhələdə, Qarabağ ətrafındakı bir sıra bölgələr azad edilməlidir.
“ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu işdə fəal şəkildə cəlb edilmiş qalmaqda davam etdiyini vurğulamaq istəyirəm. Əlbətdə ki, Rusiya üç həmsədrdən biridir və biz digər həmsədrlərlə işimizi konstruktiv şəkildə qurmağa çalışırıq. Münaqişənin həllində vasitəçilik öhdəliyimizə sadiq qalırıq. Həmsədrlər olaraq vəzifəmiz münaqişənin sülh yolu ilə həllinə dəstək verməkdir”, - deyə ABŞ-ın Ermənistandakı səfiri cavabında bildirib.
Yeri gəlmişkən vurğulayaq ki, Rusiya Xarici İşlər nazirinin məlum açıqlamasından sonra digər iki həmsədr ölkə - ABŞ və Fransa heç bir əks-bəyanat vermədi.
Erməni politoloq Suren Sarkisyanın fikrincə, Minsk qrupundakı hər üç həmsədr tərəfin hər zaman ortaq bir razılığı olur.
“Minsk qrupu həmsədrlərindən birinin bir şey söylədiyi, digərinin isə əksini söylədiyi bir hadisəni xatırlamıram, çünki ümumiyyətlə onlar açıqlamalarını razılaşdırırlar. Ən vacib olanisə amerikalıların və rusların birgə işlədiyi Minsk Qrupu formatıdır”, - deyə ekspert bildirib.
ABŞ-ın mövqeyinə gəldikdə, erməni politoloqun fikrincə, nə ABŞ, nə də Fransa heç bir şəkildə Lavrovun sözlərini inkar etmədi.
“Başqa sözlə, inkar etməyərək, fikirlərinin eyni olduğuna dair mövqelərini göstərdilər. Lavrovun açıqlamasının heç kim tərəfindən rədd edilmədiyi bir vəziyyətlə qarşılaşırıq, bu da dediklərinin həqiqət olduğunu göstərir”, - deyə o bildirib.
Erməni politoloq Levon Şirinyan isə əks fikirdədir. Onun sözlərinə görə, amerikalılar yəqin ki, Ermənistanı daim çətin vəziyyətlərə cəlb etmək üzrə Rusiya tərəfinin istəyini başa düşürlər.
“Düşünürəm ki, səfir Treysi diplomatik dildə danışıb və Lavrovun yanaşmasını bölüşsəydi, bu barədə dəqiq danışa bilərdi”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az