Müdafiə Nazirliyinin açıqlaması yerindədir

Müdafiə Nazirliyinin açıqlaması yerindədir

Artıq Azərbaycan cəmiyyətində də müharibə çağırışları səslənir

Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni müharibə mesajı verib. Nazirlikdən bildirilib ki, görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərlə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Vurğulanıb ki, Azərbaycan ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək:

“Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq. Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaq”.

Nazirliyin bəyanatı ilə bağlı fikirlərini “Şərq”ə bölüşən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə bildirib ki, son günlər cəmiyyətdə müharibə çağırışları çox səslənir. Ekspertin sözlərinə görə, Ermənistan hakimiyyətinin apardığı siyasət müharibəni qaçılmaz edib:

“Vəziyyət o həddə çatıb, Azərbaycan cəmiyyəti də müharibədə maraqlıdır. Vaxt ötdükcə xalqımız işğalla barışmır və Ermənistanın bu avantürasına səbr etmək istəmir. Müdafiə Nazirliyinin açıqlaması yerindədir. Ermənistan işğal olunmuş ərazilərdə provakasiyaya əl atır, danışıqlarda manipulyasiya edirlər”.

Analitikə görə, danışıqlarda dönüş yaratmaq üçün mütləq hərbi təzyiqlər edilməlidir: “Ermənistana növbəti hərbi zərbələr endirilsə, Rusiya daha da neytral qalacaq. Moskva Ermənistandakı iqtidarı qəbul etmir, İrəvanın siyasətindən narazıdır. Azərbaycan hərbi zərbələrə başlasa, bu, Ermənistan üçün fəlakət olacaq. Ölkədə siyasi böhran yaşanacaq. Ona görə də Ermənistan hakimiyyəti Azərbaycanın müharibə addımlarından ciddi narahatdır. Ölkəmizin mütəmadi hərbi təlimləri də Ermənistan üçün mesajdır. Qarabağda müharibə zəruridir”.

Mənbə: sherg.az