"Türkiyə və İsrail arasındakı iqtisadi münasibətlər siyasi münasibətlərə müsbət təsir etməyəcək"- RƏY

"Türkiyə və İsrail arasındakı iqtisadi münasibətlər siyasi münasibətlərə müsbət təsir etməyəcək"- RƏY

10 illik fasilədən sonra Türkiyə və İsrail arasında yaxınlaşma müşahidə olunur. 2010-cu il mayın 31-də Türkiyədən Qəzzaya yardım aparan "Mavi Marmara" adlı yardım gəmiləri donanmasına İsrail ordusunun hücum etməsi iki ölkə münasibətlərini çətin vəziyyətə salıb. Hətta diplomatik əlaqələr məhdudlaşdırılıb, səfirlər geri çağırılıb.Ancaq son aylarda Ankara-Təl-Əviv əlaqələrində yenidən istiləşmə müşahidə olunur. Mayın 24-də 10 illik fasilədən sonra İsrailin milli aviaşirkəti "El Al" İstanbula ilk səfərini həyata keçirib. İki həftə əvvəl isə Aralıq dənizi sahili ölkələrinin Türkiyə əleyhinə birgə bəyanatına İsrail imza atmayıb. Müşahidəçilər görə bu, Türkiyə ilə yaxınlaşma ilə əlaqədardır. Sirr deyil ki, ötən müddətdə Türkiyə-İsrail əlaqələrinin regional siyasətə təsiri ilə yanaşı Azərbaycan üçün də çətin sınaq olub. Çünki Azərbaycan Türkiyə ilə dost-qardaş ölkə olmaqla yanaşı. Eyni zamanda İsraillə yaxın əlaqələrə malik ölkələrdən biridir. İndi isə bu həssas mərhələ arxada qalır.

Bununla bağlı Sonxeber.az-a danışan Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə-İsrail yaxınlaşması barəsində nəsə demək üçün tezdir: "Doğrudur, ən ağır dövrdə belə iqtisadi əlaqələr davam edir, təyyarələr uçurdu. Azərbaycan özü Türkiyə üzərindən İsrailə neft satır. Türkiyə ilə İsrail arasında iqtisadi əlaqələr bu illər ərzində də var idi. Fələstin məsələsi durduqca, Amerika bu məsələdə İsrailə dəstək olduqca inanmıram ki, Türkiyə prezidenti siyasi mövzularda tam dəstəkləsin. Əlbəttə diplomatik əlaqələr olacaq. Ancaq iqtisadi və ticarət mübadiləsi siyasi münasibətlərə müsbət təsir edəcəyini mən düşünmürəm. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. İsrail məsələsində Azərbaycanın özəl yanaşması var. Azərbaycan-İsrail münasibətlərində gərginlik yoxdur. Əməkdaşlıq davam edir. Biz İsraildən silah-sürsat alırıq. Türkiyə üstündən İsrailə neft satırıq. İsrail neftə olan ehtiyacının 40 faizini məhz Azərbaycandan əldə edir. Türkiyə strateji müttəfiqimizdir deyə İsraillə münasibətləri pozub, gərginləşdirə bilmərik. Əlbəttə biz Türkiyə-İsrail münasibətlərinin gərgin olmasını istəmirik. Biz kiçik dövlətik. Ona görə də Türkiyə-İsrail münasibətlərinə qarışa bilmərik".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az