Bu həftə daxili gediş-gəliş bərpa oluna bilərmi? - AÇIQLAMA

Bu həftə daxili gediş-gəliş bərpa oluna bilərmi? - AÇIQLAMA

Bu gün ən çox müzakirə olunan məsələ pandemiya görə daxili gediş-gəlişdə məhdudiyyətlərin olmasıdır. Çünki insanlarımız yaz və yay aylarında həftə sonları istirahət üçün bölgələrə üz tutur. Bir çoxları bu həftə karantin rejimində yumşalmaların olacağını və daxili gediş-gəlişin bərpa olunacağı ilə bağlı iddialar irəli sürürlər. Bu həftə daxili gediş-gəliş bərpa oluna bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı qərarları dövlət və Nazirlər Kabineti yanında Operativ Qərargah verir: "Daxili gediş-gəlişin bərpası ilə bağlı məsələ də Operativ Qərargahın səlahiyyətində olan bir məsələdir. Bilirsiniz ki, bu gün bütün dünya ölkələri koronavirusla mübarizə aparır. Operativ Qərargah pandemiya ilə bağlı həm digər dövlətlərdəki, həm də ölkəmizdəki son vəziyyəti dəyərləndirərək qərarlar verir. Bu məsələdə də düşünürəm ki, ən düzgün qərarı Operativ Qərargah verə bilər. Təəssüf son günlərin statistikası heç də ürəkaçan deyil. Gündəlik yoluxanların sayı 200-dən çoxdur. Düzdür, sağalanların sayı da kifayət qədərdir. Amma bu biz də arxayınlıq yaratmamalıdır. Təəssüf ki, yumşalmalardan sonra insanlarda məsuliyyətsizlik artdı. Vətəndaşlarımız bu xəstəlik yoxmuş kimi davranır, qoruyucu tibbi maska və əlcəklərdən istifadə istifadə etmir, ictimai nəqliyyatda, marketlərdə sosial məsafəni qorumurdular. Bilirsiniz ki, bu gündən qoruyucu tibbi maskalardan istifadə məcburidir. Hətta bununla bağlı mayın 31-də Milli Məclisin sonuncu plenar iclasında cərimələr də təsdiq edildi. Düşünürəm ki, cərimələrə görə insanlarımız daha məsuliyyətli olub, qoruyucu tibbi maskalardan istifadə edəcəklər. Təbii ki, tək cərimələr kifayət etmir. "COVİD 19" nədir? Bu virusun insan orqanizmdə hansı fəsadlara səbəb olacağı ilə bağlı istər mətbuatda, istərsə də televiziyada maarifləndirmə işləri aparılmalıdır. İnsanlarımız bu xəstəlik barəsində ətraflı olaraq məlumatlandırılmalıdır. Bu işdə təbii ki, hər birimiz aktiv iştirak etməli, insanlarımızın və gələcəyimizin sağlamlığının qorunmasında tibb işçilərinə yardımçı olmalıyıq. Qaldı ki, rayonlara gediş-gəlişdə məhdudiyyətlərin aradan qaldırılması, düşünürəm ki, bu məsələdə tələsmək olmaz. İnsanlarımızı da başa düşürəm. Havalar isindikcə insanlarımız bölgələrə üz tutmaq istəyəcək. Amma bu vəziyyətdə insanların birdən-birə rayonlara axışmasına icazə vermək olmaz. Çünki elə rayonlar var ki, orada yoluxma yoxdur və ya çoxdur. Məhz ona görə də daxili gediş-gəlişin açılması bütün ölkə üzrə yoluxmanı artıra bilər. Ümumiyyətlə bizim normal həyata qayıtmağımız vətəndaşlarımızdan asılıdır. İnsanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyələrinə əmək edərlərsə normal həyatımıza tezliklə qayıda bilərik. Yox əməl etməzlərsə, bir aya sona çata biləcək pandemiya və karantin rejimi 3-5 ay uzadıla bilər. Əlbəttə bunu heç birimiz arzulamırıq".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az