“Yepiskop və İranın Azərbaycana qarşı qorxunc planı...” – Müsahibə

“Yepiskop və İranın Azərbaycana qarşı qorxunc planı...” – Müsahibə

“Erməni separatizmi Gürcüstanda genişlənir. Bölgədə gürcülər və Azərbaycan türkləri arasında gərginliyin yaranmasında ermənilər, PKK, Rusiya, İran və Gürcüstanda olan şovinist mərkəzlər, ultra-radikal qüvvələrin rolu var. Onlar İranla ortaq layihələrini həyata keçirirlər”.

“Borçalı” Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Borçalıda gürcülər və azərbaycanlılar arasında etnik münaqişəyə dair açıqlama yaydı. Bildirildi ki, bəzi qruplar və ya şəxslərin bu iki millət arasında qarşıdurma yaratmaq istəyi var. Sizcə, bu prosesin arxasında kimlər dayanır?

- Gürcüstanda yaşayan soydaşlarımız İslam dininin daşıyıcılarıdır, eyni zamanda, onların orada yaşamağından narahat olan qüvvələr var. Bunlar ermənilər, PKK yanlı kürdlər, İran və Rusiyadır. Habelə, Gürcüstanda din adı altında fəaliyyət göstərən bir sıra icma bura daxildir. Zaman-zaman bizim məscidlərə xaç işarələri çəkilir, müsəlman kəndlərinin girişlərində xristianlığın simvolları asılır. Dövlət orqanları çoxdan bu kimi hallara qarşı profilaktik tədbirlər görməli idi. Təəssüflər olsun ki, biz, zamanında həyəcan siqnalları verdiyimiz halda, bunu başqa səmtə yönəltdilər. Amma onlar vaxtında siyasi proseslərdən tamamilə uzaqlaşdırılmalı idi.

İndiki zamanın özündə də borçalılar və gürcülər arasında qarşıdurma yaratmaq planı var. Yəqin ki, Keşikçidağ olayları yadınızdadır. Həmin gərginliyin və tarixi türk toponimlərinin gürcüləşdirilməsi prosesinin arxasında da onlar dayanırdı. Siyasət kənardan bunları susqunluq içində izləyir. Sanki baş verənlər siyasətin də maraqlarına uyğun gəlir.

Gürcüstanda Nəriman Nərimanov şəxsiyyətinin ətrafında bir bəhanə tapılıb və bu, siyasi gündəmə daşınır. Buna birbaşa din adamlarının və yepiskopun müdaxilə etməsi, məsələyə siyasi müdaxilə, etnik və dini kimliyi saya salmamaq, həssas olan Borçalı bölgəsinin mahiyyətini dərk etməmək deməkdir. O da mümkündür ki, bunu dərk edərək, bu proqrama qol qoyublar.

Qorxulu tendensiyadır, Gürcüstanın təhlükəsizlik orqanları onları durdurmalıdır. Din siyasətə qarışmamalıdır, siyasətə qarışan din xadimi - etnik və dini zəmində qarşıdurma yaratmaq istəyən yepiskop və onu himayə edənlər məsuliyyətə cəlb olunmalıdır. O cümlədən, Azərbaycana və soydaşlarımıza rəsmi hakimiyyətin izahatı verilməlidir. Din adamlarının izahat vermək hüququ yoxdur. Orada olan din adamı – yepiskop iki xalq və iki din arasındakı şeytanı qovmalıdır. Amma Gürcüstanın yepiskopu şeytanı iki xalqın və iki dinin arasına soxur. Bunu da məqsədyönlü şəkildə edir. Bu, böyük təxribatdır, bundan Gürcüstan və bütöv Qafqaz əziyyət çəkə bilər. Gürcü siyasiləri bunun fərqində olmalı və bu avantürist, şeytana aşiq olan keşişi iblisin cəngindən xilas etməlidir.

- Bəs İranın mollaları niyə bölgəyə əl uzadıb, nəyə nail olmaq istəyirlər?

- Məlumdur ki, İran siyasi şiəliyin yaradıcısıdır və fars şovinizminin söykəndiyi ideologiya budur. Məhəmməd Əmin Rəsulzadənin söykəndiyi ideologiya isə demokratiya idi. Rəsulzadənin ideologiyası dinin, siyasətin, cəmiyyətin və demokratiyanın birgə vəhdəti və mütərəqqi inkişaf platformasıdır. Amma İranın buna qarşı alternativ qoyduğu, insanları xurafata sürükləyən ideolji teokrat düşüncə isə həm İslam dininə ziyan vurur, həm də öz maraqlarına uyğun olaraq, müəyyən layihələri həyata keçirmək üçün bir vasitədir. İndiki zamanda İran strateji olaraq, Borçalıda türklərin birliyini, Azərbaycan, Türkiyə və Gürcüstan arasında mənəvi və canlı körpü olmasını, dinin fundamental prinsiplər üzərində qurulmasını istəmir və toplumda özünə uyğun bir zəif halqanı öz əlinə alır. Burada həm borçalılar həm din, həm də məzhəb zəminində bölünür, gələcəkdə Azərbaycan və Türkiyə ilə münaqişə üçün zəmin yaradılır, eyni zamanda, toplumun İranın maraqları istiqamətinə yönəldilməsi üçün strategiya müəyyən edilir. Bu da qorxuludur. Təəssüf ki, bunun üçün bölgədə İrana münbit şərait yaradılıb. Burada gürcülərin də öz maraqları var.

Burada strateji olaraq, türk soyu və toplumunun fiziki, mənəvi və psixolji cəhətdən üstünlüyü onların ortaq maraqlarına cavab vermir. Ermənilərin “Böyük Ermənistan” idealında Borçalı, Axıska, Türkiyə və Azərbaycanı bağlayan quru zolaq yoxdur. Bu zolağa kürd və ermənilər yerləşdirilməlidir. Qarsda bunun əyani sübutunu görürük. Qarsda rəsmi seçkili qurumlara HDP-nin nümayəndələrinin seçilməsi, bölgənin dağ kəndlərinə kürd ailələrinin yerləşdirilməsinə şahidlik edirik. Bu bölgədə demoqrafik vəziyyətin dəyişməsi, Qars və Ərdahandan tutmuş, üzü Azərbaycana qədər bir zolağın türksüzləşdirilməsi layihəsi var. İran da bunun içindədir.

- Borçalıya xüsusi statusun verilməsi məsələsi gündəmə gələ bilərmi, buna ehtiyac varmı?

- Hər iki ölkənin Rusiya tərəfindən təhdid olunduğu və ərazi bütövlüyünün pozulduğu mövcud şəraitdə bu cür məsələlərin gündəmə gətirilməsi doğru deyil. Belə məsələlərin həssas məqamlarda gündəmə çıxarılması, Tehran və Kremldə hazırlanmış layihələrdir. Erməni mərkəzlərində də belə layihələr yer alır. Hər iki dövlətin – Azərbaycan və Gürcüstanın stabil bir mövqeyə çıxmasından sonra bu kimi məsələlər masaya yatırıla bilər.

Guya Nərimanov “Zaqatalanı alıb Azərbaycana verib” kimi avantürist və separatçı iddiaları gündəmə daşıyırlar. İndiki halda bu məsələlərin gündəmə gəlməsi, Azərbaycan və Gürcüstanın ideallarından imtina etməsi deməkdir. Bu, birmənalı olaraq XI yox, XII Qızıl ordunun və onun tör-töküntülərinin Cənubi Qafqazda boy göstərməsi anlamına gəlir. Biz dözümlü davranmalıyıq, indiki şəraitdə bu məsələnin gündəmə gətirilməsini ziyanlı hesab edirik.

Amma bütün hallarda ixtiyari bir məsələ rəsmi və demokratik dövlətlər arasında müzakirə oluna, bu müzakirələrdə qızıl orta tapıla bilər. Biz, Avropa dövlətləri ilə birgə yaşayışda bu haqda danışa bilərik. Əgər yepiskop məqsədyönlü şəkildə etnik və dini qarşıdurma zəmini yaradıb siyasi prosesə burnunu soxursa, hesab edirəm ki, bunun arxasında siyasi mərkəzlər olmamış deyil.

- Gürcüstandakı erməni separatizmi bu ölkə üçün nə qədər təhlükəlidir? Son illərdə bu yöndəki aktivlik də diqqətdən yayınmır.

- Təəssüf ki, erməni milli mərkəzi yüz ildən çoxdur öz siyasətini yürüdür və gürcülər ermənilərin Gürcüstan siyasətinə girməsinin fərqindədirlər. Hətta, Axalkalakidə erməni terrorçuya abidənin qoyulması haqda, yepiskopların birbaşa rolunun olması barədə məlumatlarımız var. Demək, din və kilsələrlə aktiv işləyirlər. Təəssüf ki, azərbaycanlılara qəbir qazan, Xocalıdakı soyqırımda iştirak edən Avakyana abidə qoyurlar və buna “gözün üstə qaşın var” deyilmir, amma Nərimanova ilişirlər. Nərimanov etnik kimlikdir, onun müsbət tərəfləri də var, amma bolşevizmini qəbul etmirəm. Amma sənin burnunun mənim etnik kimliyimə soxmağa haqqın yoxdur. Onda Stalinin Qoridəki abidlərini dağıt, Şaumyanın adını küçələrdən, Kirovun adını kəndlərin üzərindən götür. Niyə götürmürsən?

Erməni separatizmi Gürcüstanda genişlənir. Əvvəldə də qeyd etdiyim kimi bölgədə gərginliyin yaranmasında ermənilər, PKK, Rusiya, İran və Gürcüstanda olan şovinist mərkəzlər, ultra-radikal qüvvələrin rolu var. Onlar İranla ortaq layihələrini həyata keçirirlər. Hər halda erməni separatizmi Gürcüstanı təhdid edir. Ermənilərin Abxaziya və Cənubi Osetiyada da separatçıların tərəfində olması haqda faktlar var.

Demək olar ki, Saakaşvilinin dönəmində onların kökünü kəsdilər. Saakaşvili Gürcüstanı bölməklə hədələyən separatçı Çaxalyanı həbs etdirdi. Amma İvanişvili gələndə dost Zəlimxanın Gürcüstana girişinə qadağa qoydu, amma Çaxalyanı həbsdən təntənə ilə azad etdi. Yəni, Gürcüstanın rəsmi kursunda da erməni simpatiyası ilə yanaşı, türk antipatiyası da sezilir. Azərbaycandakı millətimiz və mediamız bunu bilməlidir. Bizim indiki zamanda əsas silahımız millətimizdir. Biz əl-ələ verəcəyiksə, bu oyunları pozmaq qüdrətində olacağıq. Buna inanıram.

- Siyasi çevrələrin münasibəti bəllidir, o qədər xoş olmayan bir yanaşmdan söhbət gedir. Bəs sadə gürcülərin soydaşlarımıza qarşı münasibəti necədir?

- Gürcülər arasında kifayət qədər dostlarım var. Mən, Gürcüstanda Beynəlxalq Akademiyanın üzvüyəm, məni ora gürcü alimlər seçib. Onlarla bizim milli təfəkkürlü alimlər arasında bir fərq görmürəm, eyni cür düşünürük. Onlar bizim milli varlığımızı qəbul edirlər.

Çox aşağıdan gələn, müxalifətdə olan, sağlam və yetkin zehniyyət var ki, onlar gürcü millətinin nümayəndələridir. Məhz onlar hakimiyyətə daşınsalar, Borçalı problemi birmənalı həll olunur və separatçıların oradan ayaqları kəsilir. Azərbaycan-Türkiyə-Gürcüstan ittifaqı da o qüvvələrin siyasi platformasındadır. Əlbəttə, gürcülər mühafizəkar millətdir. Amma Gürcüstan-Azərbaycan-Türkiyə işbirliyi həmişə müsbət bəhrə verib.

Gürcüstanın siyasi hakimiyyətinin arxasında Moskvanın durduğu aksiomadır və bu ölkənin ictimai-siyasi xadimləri bunu açıq şəkildə bəyan edirlər. Biz, bunun fərqində olmalıyıq. Bu məsələni ağrısız həll etmək lazımdır. Oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərində müxalifətin və bizim bir neçə fəalımızın seçilməsinin qarşısını almaq üçün ciddi təxribatın hazırlandığı haqda həm ehtmallarım, həm də bilgilərim var. Yepiskop da buna görə ortaya atılıb. Amma gürcülər və Azərbaycan türkləri bir yerdə, bir səngərdə sona qədər döyüşmək qüdrətində olan qabiliyyətə və genetik quruluşa malikdir. Buna qətiyyən şübhəm yoxdur.

 

Mənbə: teleqraf.com