Koronavirusdan xilas olmağın çarəsi öz əlimizdədir

Koronavirusdan xilas olmağın çarəsi öz əlimizdədir

Əks halda sərt inzibati tədbirlərin görülməsi zərurəti yarana bilər

Hazırda koronavirus dünyanın bütün ölkələrində tüğyan edən bəlaya çevrildiyindən ona etinasız yanaşmaq, xüsusən ictimai yerlərdə və nəqliyyatda maskasız olmaq yolverilməz hesab olunur. Nəzərə almaq lazımdır ki, mütəxəssislər və nüfuzlu ekspertlər qlobal miqyasda koronavirus pandemiyasının ikinci dalğasının yaşandığını deyirlər. Artıq dünyanın bir sıra ölkələrində koronavirus pandemiyasının iknici dalğası özünü göstərməkdədir. Məhz bu səbəbdən ayrı-ayrı ölkələr sərt karantin tədbirləri tətbiq etmək məcburiyyətində qalıblar. Azərbaycanda da koronavirusa yoluxmalarla bağlı son günlərin statistikasə göstərir ki, ikinci dalğa ölkəmizdə yetərincə realdır. Bu səbəbdən hər bir vətəndaşımız məsuliyyətli olmalı, şəxsi deyil, ümumi cəmiyyət, dövlət maraqlarını qorumaq naminə karantin qaydalarına riayət etməlidir. Əks halda, dövlətin koronavirusa qarşı mübarizədə həyata keçirdiyi tədbirlər öz əhəmiyyətini itirmiş olur. Qeyd etmək yerinə düşər ki, Azərbaycan dövləti koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Görqülən qabaqlayıcı və profilaktik tədbirlər nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkünsüz olub. Məhz bu kimi hallar nəzərə alınaraq ölkədə sərt inzibati tədbirlərin görülməsi zərurəti yaranıb. Belə ki, ölkə parlamenti İnzibati Xətalar Məcəlləsində dəyişiklik rdib. Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena vəkarantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Lakin etiraf edilməlidir ki, təkcə inzibati tədbirlərlə belə halların qarşısını almaq mümkünsüz görünür. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. İctimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Mütəxəssislərin rəyinə görə, hazırda ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.

Çox təssüf ki, bəzi şəxslər pandemiyanın başa çatdığını düşünərək ictimai nəqliyyatda, insan çoxluğu olan ərazilərdə gigiyena qaydalarınə pozaraq qoruyucu maskalardan istifadə etmirlər. Mütəxəssislərin rəyinə əsasən tibbi maskasız olan şəxs əgər xəstədirsə, o, minimum 60 nəfəri koronoavirusa yoluxdura bilər. Həmin 60 nəfər isə bir gün ərzində ən azı 3400 nəfəri virusa yoluxdurar. Bu da əlbəttə ki, xəstəliyin yenidən alovlanmasına və ölkəmizdə xüsusi karantin rejiminin yenidən tətbiqini reallaşdıra bilər. Təsəvvür edək ki, karantin rejimi tamamilə götürülür və iri ticarət məkanlarında, parklarda, kinoteatrlarda insanlar maskasız gəzir, sosial məsafə qorunmur və beləliklə də pandemiyanın ikinci dalğasının başlanmaq təhlükəsi yaranır. Gigiyena qaydalarına əməl etməyən, maskadan istifadə etməyən adamların, sadəcə öz səhhətlərinə etinasız yanaşması yox, həm də ətrafdakı insanların sağlamlığını riskə atmasıdır. Artıq insanlar təkcə özlərini yox, yaxınlarını, qohum-əqrabalarını düşünməli, karantin qaydalarına ciddi şəkildə riayət etməlidirlər. Yalnız və yalnız bu halda sağlam həyat tərzi bərpa oluna bilər.

Mənbə: olaylar.az