Milli Məclisdəki islahatlar nəyə xidmət edir? – ŞƏRH

Milli Məclisdəki islahatlar nəyə xidmət edir? – ŞƏRH

“Azərbaycanın dayanıqlı inkişafını təmin edən strateji amillərdən biri də ölkəmizdə bütün sahələri əhatə edən məqsədyönlü islahatların həyata keçirilməsidir. Sosial-iqtisadi və siyasi sahələrlə yanaşı, hüquqi və kadr islahatlarının da aparılması qarşıya qoyulan strateji hədəflərə çatmağa geniş imkanlar yaradır. Həmçinin, müasir dövrdə ölkəmizdə iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

O bildirib ki, məhkəmə-hüquq sistemində davamlı islahatların həyata keçirilməsi, eləcə də korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ hallara qarşı addımların atılması cəmiyyətdə yüksək qiymətləndirilir.

Millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursunun ölkəmizin hərtərəfli inkişafına xidmət etdiyini deyib.

O həmçinin əlavə edib ki, bu prosesin davamı kimi yeni parlament seçkiləri keçirilib, eyni zamanda, dövlət başçısının tövsiyələrinə uyğun olaraq qanunverici orqanda da islahatlar uğurla aparılıb.

V.İsgəndərov bildirib ki, Prezident İlham Əliyevin martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələrin yerinə yetirilməsi üçün ardıcıl tədbirlər görülüb:

“Parlamentin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların təmsilçilərinin yer alması ölkənin siyasi sistemində təşəkkül tapan yeni konfiqurasiyanın mühüm tərkib hissələrindən birini təşkil edir. Bu barədə spiker Sahibə Qafarova Milli Məclisin mayın 31-də keçirilən iclasında bildirib. Eyni zamanda, bildiyiniz kimi, parlamentin yaz sessiyasının ilk günündən Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur və kadr islahatlarına başlanıb. Bir sıra vəzifələr ixtisar edilib. Milli Məclis Aparatında 13 şöbə əvəzinə doqquz, İşlər İdarəsində isə doqquz əvəzinə dörd struktur bölmə saxlanılıb. Yeni struktur olaraq, İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi yaradılıb. Bu fəaliyyətin əsas istiqaməti qanunverici orqanla icra hakimiyyətləri arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir”.

Onun sözlərinə görə, aparılan islahatlar parlamentin işinin daha səmərəli surətdə təşkil və təmin edilməsinə kömək göstərəcək:

“Hesab edirəm ki, koronavirus pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, Milli Məclisin yaz sessiyasının fəaliyyəti kifayət qədər səmərəli olub. Belə ki, 6-cı çağırış Milli Məclisin yaz sessiyasında 12 iclas keçirilib, 123 qanun və qərar, o cümlədən iki Konstitusiya qanunu qəbul edilib. Qanunverici orqan bundan sonrakı fəaliyyətində də işini uğurla davam etdirəcək. Milli Məclis və hər bir millət vəkili ölkəmizin inkişafına yönəlmiş islahatlar kursunun davamlı olmasında üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə çalışacaq”.

Aqşin Kərimov

Mənbə: www.oxu.az