MDB ölkələrinin “azad iqtisadi zonası”: “Nəyə görə Ermənistanı enerji daşıyıcıları ilə təmin etməliyik?” - Politoloq

MDB ölkələrinin “azad iqtisadi zonası”: “Nəyə görə Ermənistanı enerji daşıyıcıları ilə təmin etməliyik?” - Politoloq

“Mövcud vəziyyətdə azad iqtisadi zonaların və vahid nəqliyyat sisteminin yaradılması Azərbaycanın maraqlarına uyğun deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin hökumət başçılarının videotoplantısında postsovet məkanında bütün ticarət maneələrinin aradan qaldırılması və azad ticarət zonaları yaradılması təşəbbüsünün müzakirəyə çıxarılmasına münasibət bildirən politoloq Yusif Bağırzadə deyib.

Politoloqun fikrincə, Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapmadan, Azərbaycan işğalçı Ermənistanın da iştirakçı olacağı çoxtərəfli “azad ticarət zonası” əməkdaşlığına qoşula bilməz:

“Müstəqil Dövlətlər Birliyi ölkələrinin hökumət başçılarının videotoplantısında postsovet ölkələri arasında iqtisadi münasibətlər, qarşılıqlı ticarətə maneə olan əngəllərin aradan qaldırılması, azad iqtisadi ticarət zonasının səmərəli tətbiqi kimi məsələlər müzakirə olunub.

Həmin toplantıya əsasən deyə bilərik ki, Rusiya tərəfindən ilk dəfə olaraq, koronavirus pandemiyasının Birlik ölkələrinə mənfi təsirlərinin aradan qaldırılması yönündə iş görülür. Burada MDB məkanında iqtisadi inteqrasiyanın genişləndirilməsinin vacibliyi önə çəkilir, iqtisadi konyukturanın enerji asılılığından çıxarılması və nəqliyyat sisteminin birləşdirilməsindən söhbət gedir. Yəni Rusiya əsas bu iki məsələni gündəmə gətirib.

MDB dövlətləri arasında ikitərəfli, üçtərəfli müqavilələr mövcud olsa da, Rusiya artıq inteqrasiyanın yeni formasını təklif edir. Bu təşəbbüs özlüyündə SSRİ-nin bərpasına cəhd, yaxud da Avropa İttifaqının fərqli modeli kimi də qiymətləndirilə bilər.

Bildiyini kimi, Rusiyanın təşəbbüsü ilə yaradılmış Avrasiya İqtisadi İttifaqına da Azərbaycan da dəvətlidir. Ancaq mövcud vəziyyətdə azad iqtisadi zonaların və vahid nəqliyyat sisteminin yaradılması Azərbaycanın maraqlarına uyğun deyil. Çünki MDB üzvü olan Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini boşaltmaq niyyətində olmadığını hər addımda bildirir.

Digər tərəfdən, MDB ölkələrinin heç biri Ermənistanı birbaşa olaraq, təcavüzkar adlandırmır. Əgər bu problemlər hələ də aradan qaldırılmayıbsa, biz nəyə görə Ermənistanı enerji daşıyıcıları ilə təmin etməliyik? Ümumiyyətlə, biz ermənilərlərlə necə azad iqtisadi zonada ola bilərik?

Azad iqtisadi zona odur ki, bunun iştirakçısı olan dövlətlər eyni qaydalar əsasında fəaliyyət göstərməlidirlər. Rusiyanın Gürcüstan və Ukrayna ilə ciddi problemləri var. Sabah bizim məhsullarımız Krım bazarına çıxacaqsa, Ukrayna ilə münasibətlərimiz necə olacaq?

Ən əsas problem isə ərazilərimizin hələ də Ermənistanın işğalı altında olmasıdır. Əgər Ermənistan konstruktiv mövqe tutaraq, işğalçılıq siyasətinə son versəydi, o zaman bu təşəbbüsü dəyərləndirmək olardı.

Prezident İlham Əliyev də “Qobu-3” yaşayış məntəqəsinin açılışında da bu fikri səsləndirdi. Ona görə də, MDB məkanında azad iqtisadi zonada iştirakın Azərbaycana heç bir faydası ola bilməz və hökumət də belə bir sazişə imza atmaz”.

Səxavət Məmməd

www.yenicag.az

Mənbə: yenicag.az