Deputat uşaqlarla muzeyə getdi – Video

Deputat uşaqlarla muzeyə getdi – Video

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Təmiz Dünya” uşaq sığınacağında məskunlaşmış uşaqların paytaxtdakı muzeylərdən birini ziyarət arzusunu nəzərə alaraq, onlarla və sığınacağın qurucusu Mehriban Zeynalova ilə birlikdə Xalça Muzeyinə gedib.

Axar.az xəbər verir ki, 1 iyun – Uşaqların Hüquqlarını Beynəlxalq Müdafiəsi günü ərəfəsində gerçəkləşən görüş və ziyarət uşaqların sevincinə səbəb olub. Muzeylə yaxından tanışlıq, Mədəniyyət Komitəsinin sədri ilə səmimi söhbət imkanı uşaqlar tərəfindən maraqla qarşılanıb.

Komitə sədri Q.Paşayeva sığınacaqdakı uşaqların hər birinə hədiyyələr bağışlayıb, onlara ən xoş diləklərini yetirib, yaxşı təhsil almalarını arzu və təmənna edib.

Q.Paşayeva sığınacaq rəhbərliyinin, uşaqların sığınacaqdan kənarda mədəni tədbirlərə, o cümlədən muzeyləri ziyarətə cəlb edilməsini çox yaxşı təcrübə kimi qiymətləndirib, gələcəkdə digər muzeylərə də birgə ziyarətlərdən məmnun olacağını deyib.

Mənbə: axar.az