"Qanunla qadağan olunsa da bu gün əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır..." - VİDEO

"Qanunla qadağan olunsa da bu gün əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır..." - VİDEO

Mədniyyət komitəsinin sədri Qənirə Paşayeva MM-da uşaqlara tütün məhsullarının satılmasının qadağan olunması, ictimai, qapalı yerlərdə tütün məhsullarından istifadənin məhdudlaşdırılması haqqında qanunlara əməl olunmadığını deyib, uşaqlarımızı və gənclərimizi bu zərərli vərdişdən xilas etmək üçün ciddi addımlar atılmalıdır deyərək qanunların həyata keçirilməsində cavabdeh qurumlara çağırış edib.

Millət vəkili, Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında azyaşlılar arasında tütün məhsullarından istifadənin zərərləri ilə bağlı çıxış edib. Bütün uşaqları 1 iyun Uşaqların Hüquqlarını Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edərək onlara sağlamlıq, xoşbəxtlik arzulayan millət vəkili Qənirə Paşayeva uşaqlarımızın təhsilinin, sağlam gələcəyinin təmin olunmasının dövlət başçımız cənab İlham Əliyevin siyasətində xüsusi yer tutduğunu vurğulayıb. O bildirib ki, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələr çox önəmli layihələrdir. Uşaqların zərərli vərdişlərdən qorunmasının vacibliyindən də danışan millət vəkili Qənirə Paşayeva gənclərimizin tütün məhsullarından qorunması üçün qəbul olunan qanunların həyata keçirilməsinin önəmini də xüsusi vurğulayıb:

“Çox təəssüf ki, uşaqların tütün məhsullarından qorunması üçün qəbul etdiyimiz qanunların həyata keçirilməsində ciddi problemlər var. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən Azərbaycanda 1,3 milyon insan tütündən istifadə edir, uşaqlar və gənclər arasında qəlyandan istifadənin sayı getdikcə artır. 1 saat qəlyandan istifadənin 40 ədəd siqaretin zərərinə bərabər olduğunu nəzərə alsaq gənclərimizdə necə böyük fəsadlara səbəb olacağını görə bilərik.”

Tütün məmulatlarının 18 yaşına çatmayan uşaqlara satılmasının qadağan olunması barədə qanun qəbul olunsa da hələ də buna əməl olunmadığını deyən Q.Paşayeva həmin məsələnin həlli ilə bağlı müvafiq qurumlara çağırış edib:

"Qanunla qadağan olunsa da bu gün əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır, məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir, qapalı yerlərdə, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir. Ona görə də qanunu həyata keçirməli olan qurumlarla müzakirələr aparılmalı, qanunun həyata keçirilməsində yaşanan problemlər aşkarlanmalı və həmin problemlərin aradan qaldırılması istiqamətində ciddi işlər görülməlidir.”

Arzu edənlər buradan izləyə bilərlər:

Mənbə: moderator.az