Bəzi deputatların dövlət və ictimai maraqlarla tam uyuşmayan bəyanatları...

Bəzi deputatların dövlət və ictimai maraqlarla tam uyuşmayan bəyanatları...

Samir Adıgözəlli: “Onlar yalnız özlərini yox, həm də böyük seçici kütləsini təmsil edirlər”

Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli parlamentin plenar iclasında deyib ki, Şimaldan, Cənubdan, Şərqdən və Qərbdən uzanan iti caynaqlar bizi kifayət qədər məsuliyyətli olmağa çağırır.

Onun sözlərinə görə, Azərbaycanı gözü götürməyən kifayət qədər qüvvələr var:“Belə bir məqamda bizim bir-birimizə söykənib, əl-ələ verib ən çətin vəziyyətdən çıxmaq yolu birliyimizdədir. Burada yeni seçilən deputatlar var. Təbii ki, düşüncələrində və fikirlərində səhvlərə yol verə bilərlər. Amma burada kifayət qədər təcrübəli deputatlar da var. Ona görə də müəyyən məsələlərin müzakirəsində çox diqqətli olmalıyıq. Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və qarşı tərəfə bir mesajdır. Odur ki, millətimiz, dövlətimiz, sərhədimiz və hərbimiz haqqında danışanda yüz ölçüb, bir biçmək lazımdır”.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında millət vəkili Vahid Əhmədovun Müdafiə Nazirliyinin rəhbərliyini tənqid etəsindən sonra vitse-spiker belə məzmunda çıxış edib. Millət vəkili bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi ermənilərin cəbhə xəttində artan özbaşnalıqlarının qarşısını almaq üçün Prezidentə təkliflər verməli olduğu halda, bunu etmir.

Vitse-spikerlə yanaşı, deputat Siyavuş Novruzov Vahid Əhmədovun fikirləri ilə razılaşmadığını bildirib. Digər millət vəkilləri Bəxtiyar Əliyev və Fəzail Ağamalı isə Vahid Əhmədovu sərt tənqid ediblər.

Bu baxımdan vitse-spikerin səsləndirdiyi irad çox maraqlıdır. Həqiqətənmi bəzi deputatların çıxışlarında dövlət və milli maraqlara zidd nüanslar var?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, millət vəkilləri nə danışdıqlarının fərqində olmalıdır:“Bəzən biz görürük ki, bəzi millət vəkilləri dolayı yolla parlament tribunasından öz yaxın adamlarının, dostlarının marağını müdafiə edən çıxışlar edirlər. Bunun da adını qoyurlar hansısa problemin həllinə cəhd. Əslində belə deyil. Azərbaycan balaca yerdi, burda kimin harda, necə nəfəs almasına kimi biz bilirik. Düzünü deyim ki, parlamentin son iclasında bəzi deputataların ordmuzu, onun rəhbərliyini hədəfə götürməsi tamamilə lıazımsısz bir addım idi. İndiki məqamada o cür çıxışların olunması bizim milli maraqlarımızla uzlaşmır. Unutmaq lazım deyil ki, biz ermənilərlə həm də informasiya müharibəsi aparırıq. Azərbaycan cəmiyyətində yüksək vətənpərvərlik hisslərinin yaşandığı bir zamanda orduya inamsızlıq yaratmaq nəyə lazımdır? Özü də bunu parlament tribunasından etmək qəti yolverilməzdir. Niyə biz düşmənimizə əlavə və mötəbər istinad mənbəyi veririrk ki, onlar bizi sağdan-soldan vursunlar və orduya inamsızlıq yaratsınlar? Açın erməni saytlarını oxuyun, görün nə yazırlar? Öz dilimizlə özümüzün ordusunu hədəf alıblar. Mən ordumuzun rəhbərliyindən çox razıyam. Müharibənin başlanmasını pafosla tələb etmək asandır. Ancaq biz bilirik ki, bu problem artıq local xarakter daşımır. Qloballaşan siyasi konfliktin həllində düşünülməmiş, zamanında olmayan addımlar atmaq olmaz. Belə bir şərait yetişəcəyi təqdirdə ordumuz qarşısına qoyulan tapşırığın öhdəsindən layiqincə gələcək. Biz başqa mövzularla da bağlı bəzi millət vəkillərimizin hazırlıqsız danışıqlarına rast gəlirik. Bugünlərdə yeni seçilən millət vəkillərindən birinin rusdilli telakanallardan birinə verdiyi müsahibəyə baxdım. Rus dilini bilməmək eyib deyil. Əgər millət vəkili həmin dili normal bilmirsə, niyə özünü və ölkəmizin adını beynəlxalq arenada biabır edir? Hesab edirəm ki, millət vəkilləri mütləq mənada nə danışdıqlarının fərqinə varmalıdırlar. Çünki onlar yalnız özlərini yox, həm də böyük seçici kütləsini təmsil edirlər”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com