Roma Papasının cümhuriyyət və koronavirusla mübarizə təbrikinin mənaları - Prezident İlham Əliyevin şəxsi reytinqi və ölkənin mövqeyi əsas yerdə...

Roma Papasının cümhuriyyət və koronavirusla mübarizə təbrikinin mənaları - Prezident İlham Əliyevin şəxsi reytinqi və ölkənin mövqeyi əsas yerdə...

Tural İrfan: “Bir daha sübut olunur ki, Azərbaycan bir ölkə kimi olduqca ciddi uğurlara imza atıb və beynəlxalq aktorlar sırasında önəmli yerə sahibdir”

Roma Papası Frensisk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

“Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaq mənim üçün yaranmış xoş fürsətdir. Ulu Tanrıdan diləyim odur ki, həmrəylik və ədalət naminə apardığımız ümumi işlərimizdə qoy bizə dəstək olsun, ölkənizin vətəndaşları ailə səadətinə və sosial rifaha qovuşsun, gəncləriniz gələcəyə ümidlə yaşasınlar. Zati-alinizə, hökumətinizin üzvlərinə, o cümlədən bütün Azərbaycan xalqına Ulu Tanrının xeyir-duasını diləyirəm”.

Papa Frensisk dua mərasimlərindən birində İsa Məsihin (ə) anası Həzrət Məryəmə (s) təvəssül edərək Allahdan koronavirusun məhv edilməsi üçün kömək istəyib.

Dua mərasimində xristian keşişlər, İtaliyanın milli yoluxucu xəstəlikləri mərkəzinin keşişi, rahibələr, dərmandüzəldənlər, ciyər xəstəlikləri mütəxəssisləri, tibb bacıları, koronavirus xəstəliyindən sağalanlar və yaxınları bu xəstəliyə tutulanlar iştirak edib. Son üç ayda ilk dəfə dua mərasimi keçirən Papa dünya siyasətçilərindən silah-sursat alınması üçün xərclənən pulları pandemiyaların qarşısını almaq üçün elmi işlərə istifadə etmələrini istəyib.

Roma Papasının Prezidentə ünvanladığı Cühüriyyət Günü təbriki və koronavirus duası hansı mənanı kəsb edir?

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, Papanın bu iki müraciətinə müxtəlif aspektlərdən yanaşmaq olar:“Prezidentə ünvanlanan təbrik adi protokol qaydasını ifadə etmir. Çünki dünyanın nüfuzlu lideri nadir hallarda ölkə başçılarına analoji məzmunlu təbriklər ünvanlayır. Bundan hiss edilir ki, artıq Prezident İlham Əliyevin sayəsində Azərbaycanın dünyadakı həlledici nüfuzu hiss olunur və bunu Roma Papası daha həssas duyur. Çünki Azərbaycan dünyadakı bir çox tarixi abidələrin, həmçinin kilsə və məbədlərin təmirində böyük rol oynayıb. Həmçinin tolerantlıq və multikulturalizm sahəsində Azərbaycan, demək olar ki, dünyada ön sıradadır. Ulu öndər Heydər Əliyevin bir sözü vardı ki, Azərbaycan dünyaya günəş kimi doğacaq. İndi Azərbaycan artıq dünyaya günəş kimi doğubdur. Məhz Ropa Papası kimiləri də bu günəşin nurundan, işığından məhrum olmamağa çalışırlar. Azərbaycana olan ehtiyaclarını hiss edirlər və sayğılarını ifadə etməyə haqlı olaraq özlərini borclu hesab edirlər.

Koronavirusla bağlı tanrıya duaların edilməsi isə dini liderin xislətinə uyğundur. Nüfuzlu dini liderlər hər zaman bəşəriyyətin çətinliklə üzləşdiyi zamanlarda belə dualar ediblər. Azərbaycan bir ölkə olaraq pandemiya ilə mübarizə sahəsində yalnız özünün maraqlarını düşünmədi. Bəşəriyyətin xeyrinə olan xeyli addımlar atdı. Bu baxımdan da hər iki müraciətdən Azərbaycana pay düşür. Azərbaycan dinlərarası münasibətlərdə nümayiş etdirdiyi siyasətə görə dünyada örnək sayıla biləcək ölkədir. Vatikan rəhbərinin bizə olan bu diqqəti cənab Prezidentin şəxsi nüvuzundan da qaynaqlanır. Bir daha sübut olunur ki, Azərbaycan bir ölkə kimi olduqca ciddi uğurlara imza atıb və beynəlxalq aktorlar sırasında önəmli yerə sahibdir”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com