"Sosial şəbəkələr informasiya manipulyasiyası platformasına çevrilib" ÖZƏL-ŞƏRH

"Sosial şəbəkələr informasiya manipulyasiyası platformasına çevrilib"  ÖZƏL-ŞƏRH

"Sosial şəbəkələrin hüquqi tənzimlənməsi mexanizmi uzun müddətdir ki, aktualdır. Sosial şəbəkələr sərbəst fikir paylaşımı platforması olaraq müsbət bir hadisə olsa da, söz azadlığı standartlarını aşmaq baxımından xeyli neqativlərə də yol açır. Yalan, təhqir, böhtan xarakterli informasiyalar, başqalarının şəxsi həyatına müdaxilə, dövlət sirri olan informasiyaların maneəsiz yaylması və sair kimi hallar sosial şəbəkələr üçün xarakterik hala çevrilib”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, sosial şəbəkələr informasiya manipulyasiyası platformasına çevrilib: “İndi yeni təzahürlər də ortaya çıxıb: terror təşkilatları, dövlət çevrilişi təşkilatçıları və sairlər bu platformada sərbəst davrandıqları halda, dövlət başçılarına, cəmiyyətin marağını güdən siyasətçilərə senzura tətbiq edilir və sair. ABŞ prezidenti Donald Trampın başına gələn hadisələr bu halı bir daha təsdiqləmiş oldu. Hansı ki, ayrı-ayrı ölkələr, o cümlədən Azərbaycan bu cür hallarla çoxdan qarşılaşırdı, haqsızlığa məruz qalırdı. Əslində bu cür qaydasız davranışları hamı bilirdi, amma hansısa maraqlara görə susurdular. Hesab edirdilər ki, sosial şəbəkə idarəçilərinin yaratdıqları problemlər yalnız kiçik dövlətlər üçündür. Amma Donald Trampla yaşanan hadisələr, yəni “Tvitter”in ona senzura tətbiq etməsindən sonra dünya, daha doğrusu, böyük ölkələr anlamağa başlayıblar ki, sosial şəbəkələrdə ortaya çıxan neqativlər artıq bütün dünyada təhlükəsizlik baxımından təhdidlər yaradır. Onlar anladılar ki, sosial şəbəkələr sahəsində müəyyən tənzimləmə olmalıdır. Mütləq şəkildə yeni qanunlar hazırlanmalı, həmçinin, mövcud qanunlara əlavə və dəyişikliklər edilməlidir. Artıq ABŞ prezidenti bu sahədə bir president yaratdı, sosial şəbəkələrdə müəyyən istiqamətlərdə tənzimləmə üçün sərəncam imzaladı. Hesab edirəm ki, ayrı-ayrı dövlətlər bu praktikadan istifadə edəcəklər”.

Mənbə: sia.az