Polkovnik-leytenant: "Ordudan söhbət açanda milli maraqlarımızı düşünməliyik

Polkovnik-leytenant: "Ordudan söhbət açanda milli maraqlarımızı düşünməliyik

Deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi əsassız fikirlərə etirazlar davam edir.
Məsələ ilə bağlı ehtiyatda olan polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı Arif Pənahlı fikirlərini Sonxebe.Az-la bölüşüb.
Mayın 31-də Milli Məclisdəki müzakirələrdən birində əsasən iqtisadçı kimi tanınan millət vəkili Vahid Əhmədovun Ordu haqqında söhbətini, Ordunun rəhbərliyi barədə qərəzli fikirlərini dinləyəndə ömrünün ahıl çağlarını yaşayan bu adama hörmətim alt-üst oldu. Belə gülünc və həqarət doğuran açıqlaması ilə gündəmə gələn iqtisadçının vacib bir iqtisadi mövzuda çıxışı daha gözlənilən idi.
Bir çoxlarının bildiyi kimi Vahid Əhmədov daima keçmiş Müdafiə naziri Səfər Əbiyevin fəal tərəfdarı, təəssübkeşi kimi tanınıb. Həmin nazirin dövründə bu deputat tez-tez hərbi hissələri ziyarət edər, əsgər və zabitlərlə görüşərdi.
Azərbaycanın siyasi-iqtisadi və hərbi uğurlarından yetərincə məlumatlı olan ahıl deputatımıza yaxşı məlumdur ki, son dövrlərdə ölkə rəhbərliyinin bilavasitə rəhbərliyi sayəsində ordumuz böyük uğurlara imza atıb və dünyanın qabaqcıl orduları sırasında yer alıb. Ardıcıl keçirilən genişmiqyaslı hərbi təlimlər Azərbaycan Ordusunun bu gün böyük imkanlara malik olduğunu, qarşıya qoyulan istənilən vəzifəni icra etmək əzmini ifadə edir.
Əvvəlki dövrlərlə müqayisədə bu gün Azərbaycan Ordusuna ictimai nəzarət mexanizmi formalaşıb. Qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin üzünə açıq olan ordumuzda bir neçə ildir ki, "Açıq qapı" günlərinin keçirilməsi adət halını alıb. Belə tədbirlər həm valideynlərə, həm də çoxsaylı ictimaiyyət nümayəndələrinə hərbi hissələrin sosial məişət şəraiti ilə yaxından tanış olmağa imkan yaradır. Bir müharibə veteranı, ordumuzun sıralarında uzunmüddətli xidməti olan bir zabit, nəhayət bir valideyn olaraq qürur hissi duyuram ki, hazırda ordumuzda böyük işlər görülüb. Bu gün ucqar bölgələrimizdə, cəbhə xəttində xidmət edən əsgərlərimiz də milli mətbəximizin nemətlərindən qidalanır, keyfiyyətli qida və geyimlərlə təmin olunurlar. Mənə qəribə gəlir ki, ahıl deputatımız niyə bir dəfə də olsun belə uğurlarımızdan söhbət açmır? Axı Ordu qürur yerimizdir, müstəqilliyimizin və ərazi bütövlüyümüzün təminatçısı olan bu Ordunun qazandığı hər bir uğur millətini, xalqını, dövlətini sevən hər kəsi sevindirməlidir. Ümumiyyətlə ordu barəsində söhbət açanda milli maraqlarımızı düşünməliyik. Unutmayaq ki, hazırda ordumuzun şəxsi heyətinin əksəriyyəti səngərlərdə, düşmənlə üzbəüz mövqelərdə vəzifə borcunu yerinə yetirir və bunun hansı məsuliyyət doğurduğunu ağsaqqal yaşda olan millət vəkilimiz də yaxşı bilir. Gəlin uğurlarımızı təbliğ edək, əsgərlərimizin döyüş ruhu ilə öyünək və inanaq ki, Azərbaycan əsgəri gələcəkdə daha böyük uğurlara imza atacaq.
Sosial şəbəkələrdə Ordumuzla bağlı yersiz müzakirələrə rast gələndə kədər, hiddət məni boğur. Demirəm ki, Azərbaycan Ordusunun müəyyən bölmələrində çatışmazlıqlar yoxdur, istənilən inkişaf etmiş dövlətin ordusunda belə nöqsanlara rast gəlinir. Elə hazırkı dövrdə Rusiya ordusunda, hətta NATO-nun bəzi hərbi bölmələrində koronovirusun yayılması haqqında məlumatlara rast gəlinir. Ancaq Ordumuzun elə bir bölməsi tapılmadı ki orada pandemiya təhlükəsi yaşansın. Bu gün Azərbaycanın Müdafiə Nazirliyi hər bir əsgərin təhlükəsiz şəraitdə xidmət keçməsi üçün bütün imkanları yaradır. Cəbhə bölgələrimizdə elə bir hərbi hissəyə rast gəlinmir ki, orada hərbi qulluqçular üçün müasir məişət şəraiti mövcud olmasın. Ordu rəhbərliyini təmsil edən rəsmi şəxslər tez-tez bölgələrə səfər edir, hərbi qulluqçuların döyüş və məişət şəriaiti ilə yerindəcə maraqlanırlar. Yüksək rütbəli şəxsin əsgərlərlə eyni bir süfrədə nahar etməsi adamı duyğulandırır. Hərbi rəhbərlikdə təmsil olunanlar əsgərlərə şəxsən mükafatlar təqdim edir, səngərlərdə onların xidmət şəraitinə diqqət yetirir, nəhayət əsgərin problemini, qayğılarını onun öz dilindən eşitməyə maraq göstərirlər. Son bir neçə ildə elə bir Novruz bayramı olmadı ki, Azərbaycanın Ordu rəhbərliyi cəbhə xəttində, əsgərlərin yanında görünməsin. Görəsən sosial şəbəkələrdə Ordumuzu yersiz müzakirə edənlər niyə bu uğurlarımızdan danışmırlar?
Bu gün Ordumuzun döyüş və mənəvi-psixoloji uğurlarından böyük fərəh hissi yaşayan bir vətəndaş, ehtiyatda olan bir zabit olaraq üzümü Vahid Əhmədov kimilərinə tutub demək istərdim: əbəs yerə narahat olmayın, onsuz da elin gözü tərəzidir. Bu gün Azərbaycan xalqı Orduda həyata keçirilən genişmiqyaslı islahatların gerçək nəticələrini görür və düzgün qiymətləndirir. Hamı bilir ki, Azərbaycanın müasir və peşəkar Ordusu vardır və bu Ordunun uğurlarında onun rəhbərliyinin, generalitetinin böyük əməyi şübhəsizdir.
Sonxeber.az

Mənbə: sonxeber.az