“Bir dərəcə istiləşmə belə virusu zəiflədir” – BAŞ İNFEKSİONİST

“Bir dərəcə istiləşmə belə virusu zəiflədir” – BAŞ İNFEKSİONİST

“Hazırkı artım tempi ölkədaxili yoluxmalarla bağlıdır. Bu xəstəliyi yüngül və əlamətsiz keçirən insanlar küçədə dolaşır və insanları yoluxdurmaqda davam edirlər”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev Azərbaycanda koronavirus xəstələrinin sayının artması məsələsindən danışarkən deyib.

Baş infeksionistin sözlərinə görə, məhz yoluxmada artım tempinə görə tibbi maskadan məcburi istifadə olunması tələbi qoyuldu:

“İnsanlar ilkin dövrlərdə sosial məsafə və maska məsələsinə əməl etsəydilər, bu tələb məcburi olmazdı. Tibbi maska virusun hava-damcı yolu ilə insana yoluxmasının qarşısını alır. İnsanlar məsafə məsələsini gözləməli və qapalı məkanlardan çəkinməlidir. Çox sayda insan bir yerə toplansa, mütləq maska istifadə etməlidir. Maska ilə bağlı qərara əməl etməsək, koronavirusa yoluxma və artım davam edəcək. Kiliniki əlamət oldu, olmadı hər kəsin maska taxması vacibdir.

Çünki heç kim bilmir ki, qarşısındakı virus daşıyıcısıdır ya yox... Maska və sosial məsafə gündəmdə olan məsələlərdir. Bütün bunlara əməl etsək, sərt karantin tədbirlərinə ehtiyac qalmayacaq. Çünki havaların istiləşməsinə doğru gedirik. Müşahidələr göstərir ki, istilər bu virusun zəifləməsinə səbəb olur. Bir dərəcə istiləşmə belə virusu zəiflədir”.

Cəlal İsayevin sözlərinə görə, insanlar sərt karantin tədbirlərindən təngə gəlmişdilər və hər dəfə narazılıqlarını bildirirdilər:

“Ona görə də hökumət müəyyən qaydalar çərçivəsində yumşalmalara getdi. Amma insanlarımız karantin davranışlarına əməl etsələr, rayonlara gediş-gəliş və sərhədlərin açılması məsələsində də irəliləyişlər ola bilər:

“Nə qədər insanlarımız var ki, Naxçıvandan Bakıya gələ bimirlər. Toy mərasimlərinin təşkil edilməsinə məhdudiyyətlər qalır. Hamı istəyir ki, toy mərasimləri başlasın. Heç kim 30-40 nəfərlə toy etməz. Yaxud toyda maska taxmaq olarmı? Buna nail olmaq üçün insanlarımız virusla bağlı məsuliyyətlərini dərk etməlidirlər. Əməl etməsək pandemiya dövrü Azərbaycanda da uzanacaq”.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info