"İnzibati tədbirləri gücləndirməliyik ki, uşaq evliliyinin qarşısı alınsın" - AÇIQLAMA

"İnzibati tədbirləri gücləndirməliyik ki, uşaq evliliyinin qarşısı alınsın" - AÇIQLAMA

Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Maraqlıdır, Azərbaycanda uşaq hüquqlarının vəziyyəti necədir?

Bu barədə Cebhe.info-ya açıqlamasında uşaq hüquqları üzrə ekspert Nabil Seyidov bildirib ki, hazırda pandemiya dövrü səbəbilə bütün insanların hüquqları məhdudlaşdırılıb:

"Hazırda pandemiya dövrüdür, bütün insanların hüquqları məhdudlaşdığı kimi, uşaqların da müəyyən dərəcədə hərəkət, istirahət etməsində, təhsil almasında məhdudiyyətlər var. O da ki onların sağlamlığının müdafiəsi baxımından verilən qərarlardır. Bu da heç bir beynəlxalq hüquqa zidd deyil. Bəzi uşaq qrupları var ki, onların hüquqlarının müdafiəsi sistemində ciddi tədbirlər görülməyə başlanılıb. Bunlardan xüsusilə, qanunla ziddiyyətdə olan uşaqların müdafiəsini xatırlatmaq istəyirəm. Çünki qanunla ziddiyyətdə olan uşaqların müdafiəsi BMT-nin müvafiq konvensiyalarında öz əksini tapıb.

Burada cəzaçəkmə müəssisələrində olan uşaqlar, azadlıqdan məhrumetməyə alternativ tədbirlərə cəlb olunmuş uşaqlar nəzərdə tutulur. Son illərdə Azərbaycanda alternativ tədbirlərin tətbiqi genişləndirilib. Az hallarda uşaqlar azadlıqdan məhrum edilir. Əminəm ki, bu istiqamətdə daha geniş tədbirlər görülməsinə böyük ehtiyac var. Xüsusilə də profilaktika baxımından. Bu çox vacib məsələdir. İkinci isə insan, o cümlədən uşaq alverinin profilaktikası, qarşısının alınmasıdır. Hazırki pandemiya dövründə uşaq alveri məsələsi əlavə problemə çevirilə bilər. Ona görə də sırf bu sahədə də işlərin görülməsi, müəyyən addımların atılması xüsusi önəm kəsb edir. Bu istiqamətdə Daxili İşlər Nazirliyi, İnsan alverinə qarşı qeyri-hökumət təşkilatlarının koalisiyası var".

O uşaq evlərindəki uşaqların ailələrə verilməsinin sürətləndiyini deyib:

"Digər tərəfdən bilirsiniz ki, uşaq evlərində tərbiyə alan uşaqlar var. Həmin məktəblərdə olan uşaqların sayı son 5 il ərzində kəskin şəkildə azalıb. Əvvəllər o müəssisələrdə 26 min uşaq var idisə, onların böyük qismi elə orada da gecələyirdi. Amma hazırda bu rəqəm 8 mindək azalıb. Ardıcıl olaraq bu istiqamətdə fəaliyyətlər davam etdirilməli, genişləndirilməlidir. Uşağın doğma valideynləri yoxdursa, qohumlardan, qəyyumlardan poster ailələr yaratmaqla internat müəssisələrində olan uşaqların ailələrə qaytarılması onların ailəyə olan hüququnu bərpa etməyə imkan verə bilər".

N.Seyidov qeyd edib ki, gələcəkdə əlilliyi olan uşaqlar digər uşaqlardan ayrılmamalı, birgə təhsilə cəlb olunmalıdır:

"Əlilliyi olan uşaqların təhsili üçün pilot layihələr həyata keçirilir. İlk pilot layihə illər əvvəl öz faydasını göstərdi. Təbii, bu pandemiya bitdikdən sonra çalışmaq lazımdır ki, əlilliyi olan uşaqlar məktəblərdə digər uşaqlarla birgə təhsillərini almış olsunlar. Əlbəttə, onlara verilən təhsil həmin uşaqların qabiliyyətinə uyğunlaşdırılmalıdır. Onların peşə təhsili də genişləndirilməlidir. Təhsil Naziriliyi uşaqların sağlamlığının müdafiəsi istiqamətində də müəyyən işlər görür. Amma burada xüsusi məsələ reprodoktiv sağlamlığın qorunmasıdır.

Demoqrafik məsələ dünya ölkələrinin gündəmindədir. Reprodoktiv sağlamlığın qorunması uşaqlıq dövründən başlanmalıdır. Ona görə də Azərbaycanda bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac var. Eyni zamanda uşaqların arasında cinsə görə diskriminasiyanın qarşısı alınmalıdır. Bunun qarşısını almaq istiqamətində qanunlar sərtləşdirilməlidir. Bununla yanaşı, qızla oğlan uşaqları arasında ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində maarifləndirmə tədbirləri sürətləndirilməlidir.

Uşaq evliliyi bizim bəzi rayonlarımızda hələ də var, bu hallara təəssüf ki, rast gəlirik. Düzdür, əvvəlki illərlə müqayisədə bu sahədə yerlə göy qədər ciddi fərq var. Bununla yanaşı inzibati tədbirləri gücləndirməliyik ki, uşaq evliliyinin qarşısı alınsın. Xüsusilə qız uşaqlarına qarşı təhsildə, evlənmədə, peşə seçimində heç bir diskriminasiya olmasın deyə, bu vacibdir. Bu istiqamətdə tədbirlər genişləndirilməlidir".

Mənbə: cebhe.info