Multikulturalizmin inkişaf etdirilməsi dövrün aktual məsələlərindən birinə çevrilib

Multikulturalizmin inkişaf etdirilməsi dövrün aktual məsələlərindən birinə çevrilib

Koronavirus pandemiyası multikultural və tolerant dəyərlərə də təsirsiz ötüşməyib

Artıq bir neçə aydır ki dünyanı təhdid altında saxlayan koronavirus pandemiyası dünyada mövcud olan multikultural və tolerant dəyərlərə də təsirsiz ötüşməyib. Belə ki, qarşılıqlı ünsiyyət, dialoq və əməkdaşlığı özündə ehtiva etən multikultural dəyərlar, əsasən təbliğat və təşviqat vasitəsi ilə həyata keçirilir. Pandemiyanın yartdığı özünütəcrid yaşam forması isə bu insiyyəti və əməkdaşlığı mümkünsüz etdiyindən, son zamanlar bu istiqamətdə görülən işlər də müəyyən dərəcədə intensivliyini azaldıb. Bu boşluğu doldurmaq məqsədi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edən Albaniya və ATƏT-in Demokratik Təsisatlar Bürosunun dəstəyi ilə may ayının 25-26 tarixlərində "Dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə” mövzusunda ATƏT- in İnsan Ölçüsü üzrə birinci Əlavə Görüşü keçirilib. Covid-19 pandemiyası ilə əlaqədar olaraq videokonfrans formatında keçirilən görüşdə “Zorakılığa və nifrət nitqinə səbəb ola biləcək müasir internet dözümsüzlüyü və ayrı-seçkiliyinin formalarına qarşı mübarizə” və “İlkin xəbərdarlıqdan ilkin fəaliyyətə qədər: ayrı-seçkiliyin eskalasiyası səbəbindən gərginliyə və ya münaqişəyə çevrilməsinin qarşısının alınması” mövzuları müzakirə olunub.

Onu da diqqətinizə çatdıraq ki, ATƏT institutları və təşkilata üzv dövlətlər, bir sıra beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətlərinin qatıldığı ikigünlük onlayn konfransda cəmiyyətlərarası qarşıdurmaya, nifrət cinayətlərinə və zorakılıq aktlarına səbəb olan stereotiplər və yanlış təsəvvürlərin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Videokonfransa qatılan Azərbaycan nümayəndəsi, öz çıxışında Azərbaycanda dini zəmində dözümsüzlük və ayrı-seçkiliyin qarşısının alınması, habelə ölkəmizdə müxtəlif dinlər arasında dialoqun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına geniş məlumat verib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri qeyd edib ki, Azərbaycan dövləti hər zaman dini sahəni dəstəkləyir, əhalisinin 96 faizinin İslam dininə mənsub olmasına baxmayaraq, ölkədə yaşayan digər dinlərin nümayəndələrinə də diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətdə əhəmiyyətli işlər görür. Din sahəsində sabitliyin, o cümlədən dini tolerantlığın və multikultural ənənələrin qorunması, radikal meyillərin qarşısının alınması istiqamətində görülən işlər heç şübhəsiz ki, öz müsbət nəticələrini verir. Bu da ondan irəli gəlir ki, dövlətin dəstəyinə güvənən bir çox dövlət qurumları- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun reallaşdırdığı layihələr, o cümlədən ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoq formatında keçirilən nüfuzlu beynəlxalq tədbirlər, ölkəmizdə dini dözümlülüyün və tolerantlığın qorunaraq inkişaf etdirilməsi istiqamətində ciddi işlər görürlər.

Video konfransda çıxış edən DQİDK-nın şöbə müdiri Ə.Həziyev həm də əzəli və tarixi Azərbaycan torpaqlarının - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan tərəfindən işğal edilməsi, Azərbaycan xalqına qarşı soyqırım, işğal olunmuş ərazilərdəki tarixi-dini abidələrin dağıdılması kimi vandalizm aktları barədə görüş iştirakçılarına məlumat verib. O həmçinin, Şuşadakı tarixi Yuxarı Gövhərağa məscidinin və Rus Pravoslav Kilsəsinin dəyişdirilərək saxtalaşdırılması və qriqoriyanlaşdırılması faktlarını xüsusi qeyd edərək Ermənistanın vandal hərəkətlərinin qarşısını almaq, mədəni və tarixi irsimizə qarşı törədilən əməllərin qarşısının alınması üçün ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət edib.

Çünki milli-mənəvi dəyərlərin qorunması, multikulturalizmin və tolerantlığın qorunaraq inkişaf etdirilməsinin əsas qayəsidir. Məlumdur ki, Azərbaycan xalqı da dünyada zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanınır və tarixin bütün dövrlərində mövcud olan müxtəlif ictimai-siyasi quruluşlara baxmayaraq, xalqımız özünün mənəvi dəyərlərini qoruyub və ona ən qiymətli sərvəti kimi baxıb.

Bu da məlumdur ki, milli-mənəvi dəyərlərin qorunaraq zənginləşməsi üçün yetişməkdə olan gənc nəslin milli ruhda tərbiyə edilməsi ən vacib məsələlərdən biridir. Bu məsələyə münasibətini bildirən xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyev deyib: "Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə olunsunlar”. Burada isə ailədaxili tərbiyə ən mühüm amillərdən biridir. Ailədə yüksək mənəvi-əxlaqi dəyərlər qorunursa, o zaman bu ailədə böyüyən uşaqların əxlaqi şüuru və mənəvi dünyası da düzgün formalaşır.

Ulu Öndərimiz də milli-mənəvi dəyərlər sistemində ailənin rolunu daim yüksək qiymətləndirərək, onu ülvi və müqəddəs dəyərlərin tərənnümçüsü kimi dəyərləndirib və milli genefondun saflığının qorunmasında ailənin böyük rolu olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin mütərəqqi yolla inkişafını nəzərdə tutan siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin bu gün tutduğu mövqe də, bu kursun dönməzliyini bir daha təsdtiqləyir. Prezident İlham Əliyevin çoxsaylı fərman və sərəncamları, reallaşdırdığı dövlət proqramları da cəmiyyətin mənəvi kamilləşməsində, milli-mənəvi dəyərlərə yad təsirlərin qarşısının alınmasında mühüm rol oynayır. Bu siyasət həm də xalqımızın maraqlarına, onun gələcəyinə olan inamına söykənir. İlham Əliyevin bu sahədəki xidmətləri, gördüyü işlər həm də azərbaycançılıq ideyasının, multikulturalizmin və tolerantlığın dünyada təbliğini nəzərdə tutan məqsədyönlü siyasətindən qaynaqlanır. Multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərə və tarixi-mədəni irsə bağlılığın möhkəmlənməsi, adət-ənənələrin qorunması, Azərbaycan dilinin inkişafı, mədəni-tarixi abidələrin mühafizəsi, mənəvi irsin öyrənilməsi də Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizin müasirləşməsində bu fəaliyyətin vacibliyini nəzərdə tutan Prezident deyib: "Müasirlik, yenilik və eyni zamanda milli dəyərlərə, milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olub və bizim gələcək uğurlarımız da, məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”.

Azərbaycanda multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi, dövlət- din münasibətlərinin tənzimlənməsi, ölkəmizdə dini konfessiyaların fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması, mənəvi dəyərlərin qorunması və inkişafı, bu sahəyə dövlət dəstəyinin təmin olunması məqsədilə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə bağlı Fərman imzalayıb. Bu Fond vasitəsilə dini maarifləndirmə işinin aparılması, dövlət-din münasibətlərinə dair proqramların həyata keçirilməsi, dözümlülüyün və tolerantlığın inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm işlərin görülməsi bir məqsəd kimi qarşıya qoyulub.

Məlumdur ki, obyektiv qanunlar əsasında inkişaf edən cəmiyyət daim yeniləşmələrin, uzun müddət ərzində qərarlaşmış stereotiplərin zamanın tələbi ilə dəyişikliklərə uğramasının, köhnə ilə yeninin, müasirliklə mühafizəkarlığın mübarizə meydanıdır. Bu meydanda milli-mənəvi dəyərlərin tərkib hissələrindən biri olan ənənələrlə müasirlik arasındakı qarşılıqlı təsirin araşdırılması və öyrənilməsi daim aktuallıq kəsb edib. Onu da qeyd edək ki, ənənələrin mahiyyəti onlara yalnız əsrlərlə toplanan təcrübəni qorumaq qabiliyyətini deyil, həm də yeni şəraitə uyğunlaşmaq və zənginləşmək xüsusiyyətini özündə birləşdirir. Beləliklə, milli-mənəvi dəyərləri ənənələr vasitəsilə nəsillərdən-nəsillərə ötürmək imkanı yaranır.

Məhz buna görə də, bu gün cəmiyyətimizdə milli-mənəvi dəyərlərin mövcud vəziyyəti həm gündəlik həyatda, həm də elmi-nəzəri səviyyədə ciddi müzakirə olunan məsələlərdən biri hesab olunur. Azərbaycan xalqının milli-mənəvi zənginliyinin dünyada təbliği ölkəmizin beynəlxalq aləmdə tolerant və multikultural bir cəmiyyət olaraq nüfuzunu artırıb. Bu da ölkəmizin dünya birliyində qədim tarixə, mədəniyyətə və zəngin milli-mənəvi dəyərlərə malik dövlət kimi tanınmasına səbəb olub. Bu da ondan iprəli gəlir ki, mənəvi-əxlaqi sahədə gedən proseslərin tənzimlənməsi, ictimai şüurun xalqın maraqları çərçivəsində formalaşması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətini təşkil edir.

Azərbaycan hökuməti tənzimləmə funksiyası vasitəsilə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında və zənginləşməsində, multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsində mühüm rol oynayır.

Bu gün dünyada gedən qloballaşma prosesi milli-mənəvi dəyərlərin qorunmasını, eyni zamanda multikulturalizmin inkişaf etdirilməsini müasir dövrün aktual məsələlərindən birinə çevirib. Azərbaycan dövləti qloballaşmanın milli irs və adət-ənənələrimiz üçün yaratdığı təhdidlərin qarşısını qətiyyətlə alır. Qeyd edək ki, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği yalnız dövlətin üzərinə düşən məsuliyyət deyil, həm də bütün vətəndaşların konstitusion vəzifələrindəndir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, "Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməlidir”.

Ölkəmizdə mövcud olan tolerant mühit, dinlərarası dialoq milli-mənəvi dəyərlərin və dövlət-din münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradır. Azərbaycan müsəlman dünyasının ayrılmaz hissəsi olaraq islam mədəniyyətinin inkişafına və zənginləşməsinə öz töhfələrini verir. İslam dini xalqımızın həm dini əqidəsi, həm də milli-mənəvi dəyəri kimi insanların həyatının ayrılmaz tərkib hissəsidir. Milli-mənəvi dəyərlərin inkişafında, ailə institutunun sağlam və möhkəm təmələ söykənməsində islam dini əhəmiyyətli rol oynayır.

Hazırda Azərbaycan multikulturalizmi təbliğ edən dövlətlərdən biri kimi, dünyada böyük nüfuz qazanıb və Prezident İlham Əliyev bu dəyərin təbliği və təşviqi istiqamətində ardıcıl siyasət həyata keçirir. Bunun bir nümunəsi də, multikulturalizmin həyat tərzinə çevrildiyi ölkəmizin dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, müxtəlif dövlətlərdəki multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin respublikamızın reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyevin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasıdır.

Ümidvarıq ki, koronavirus pandemiyası bitdikdən sonra dünyada multikulturalizmin və tolerantlığın təbliği istiqamətində görülən işlər, yenə də öz məcrasına dönəcək.

Mənbə: paralel.az