Çinin Ermənistanla bu qədər güzəştli viza siyasətinin pərdəarxası...

Çinin Ermənistanla bu qədər güzəştli viza siyasətinin pərdəarxası...

Ramil Hüseynov: “Çinin Ermənistana belə önəm verməsinin arxasında siyasi niyyətlər dayanır”

Erməni mediasının ölkənin Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, Ermənistan vətəndaşlarının 1 iyun tarixindən etibarən yenidən Çinə vizasız girməsinə icazə verilir. Belə ki, sözügedən tarixdən başlayaraq Ermənistan Respublikasının adi pasport sahibləri yenidən Çinə vizasız gedə biləcəklər.

Ermənistan və Çin arasında adi pasport sahibləri üçün vizasız giriş haqqında saziş bu il yanvarın 19-da qüvvəyə minib. Lakin koronavirus infeksiyası səbəbindən yanvarın 31-dən martın 31-dək razılaşma dayandırılıb. Daha sonra qadağa mayın 31-dək uzadılıb.

Ermənistan XİN-in yaydığı məlumatda o da məlum olub ki, zəruri hallarda belə səfərlər ola bilər: “Eyni zamanda, səfər planlaşdırarkən Ermənistan vətəndaşları Çinə getməzdən əvvəl müvafiq sağlamlıq haqqında bəyannaməni doldurmalıdırlar. Çinə gəldikdən sonra göstərilən yerdə 14 gün karantinə getməlidirlər”.

Qeyd edək ki, Ermənistan və Çin arasında vizasız gediş-gəliş bir sıra güzəştləri nəzərdə tutur. Sazişə əsasən, Ermənistan və Çin vətəndaşları hər iki ölkənin ərazisində 90 gündən az müddətə qalarkən viza almaqdan azad edilirlər. Yalnız təhsil, iş və sair üçün ölkədə daha uzun müddət qalan vətəndaşlar viza alacaqlar. Bu tənzimləmə Hong Kong və Makao ərazilərinə təsir etməyəcək.

Bütövlükdə, Çin kimi böyük dövlətin Ermənistan kimi yoxsul, iqtisadi-ticari baxımdan elə bir cəlbediciliyi olmayan ölkə ilə vizasız gediş-gəlişə razılaşması maraq doğurur. Maraqlıdır, Çinin belə güzəştli siyasət yeritməsinin pərdəarxası məqamları nə ola bilər?

“Ola bilsin ki, Pekin perspektivdə Türkiyəyə qarşı Ermənistandan plasdarm kimi istifadə etmək istəyir”

Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Çinin Ermənistana belə önəm verməsinin arxasında siyasi niyyətlər dayanır: “Çin Ermənistanda möhkəmlənməklə oradan Rusiyanı sıxışdırmaq məqsədi güdə bilər. Çinin Ermənistana önəm verməsi Rusiyanın maraqlarına uyğun deyil. Çin Ermənistanda yeni səfirlik binasının tikintisini həyata keçirir. Hansı ki, Ermənistan Çin səfirliyi üçün 40 hektar ərazi ayırıb. Səfirlik Çinin postsovet məkanında ikinci ən böyük səfirliyi olacaq. Digər tərəfdən, ola bilsin ki, Pekin perspektivdə Türkiyəyə qarşı Ermənistandan plasdarm kimi istifadə etmək istəyir. Son illər “Bir kəmər və bir yol” layihəsi çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artıb. Bu baxımdan da regionda yerləşən ölkələrlə, o cümlədən, Ermənistanla iqtisadi əlaqələrini genişləndirir. Lakin Çinin regiondakı ölkələrlə iqtisadi münasibətləri eyni səviyyədə deyil. Ermənistan regionda Çin ilə ən aşağı ticarət dövriyyəsinə malik olan ölkədir. Ermənistanla Çin arasında ticarət dövriyyəsi pərakəndə və müxtəlif yollarla həyata keçirilməkdədir. Çünki Ermənistanın, birbaşa olaraq, Çin ilə sərhədi yoxdur və nəqliyyat daşımaları üçün bir çox istiqamətdə baryerlər mövcuddur. Buna görə də Gürcüstan vasitəçi ölkə kimi Ermənistanın ticarətində böyük rola malikdir. İqtisadiyyatının kiçik olması ilə yanaşı, zəif inkişaf etmiş nəqliyyat infrastrukturu və işğalçı siyasəti üzündən düşdüyü blokada şəraiti Ermənistana Çinlə münasibətləri inkişaf etdirmək imkanlarını məhdudlaşdırır”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com