BDU Tələbə Gənclər Təşkilatından Liderə: “Biz gənclərin bənzəmək istədiyimiz qəhrəmanımıza çevrilmisiniz”

BDU Tələbə Gənclər Təşkilatından Liderə: “Biz gənclərin bənzəmək istədiyimiz qəhrəmanımıza çevrilmisiniz”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Bakı Dövlət Universitetinin tələbə-gəncləri adından Nicat İsmayılov dövlət rəhbərinə yazır:

“Əziz Prezidentimiz, dünyanı koronavirus adlı gözəgörünməz düşmənin silkələdiyi çətin bir zamanda xalqımızın sağlamlığı naminə gördüyünüz çox böyük işlər bu məktubu Sizə ünvanlamaq üçün mənə ruh və cəsarət verdi. Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatında birləşən minlərlə gənc bu gün Sizin hər bir addımınızı diqqətlə izləyir, xalqımızın rifahı naminə verdiyiniz qərarları çox böyük məmnuniyyət hissi ilə bəyənir və dəstəkləyir. Siz uğurlu siyasətiniz, qətiyyətli addımlarınız, Vətənə və xalqa sonsuz sevginizlə bu gün biz gənclərin bənzəmək istədiyimiz qəhrəmanımıza çevrilmisiniz. Möhtərəm cənab Prezidentimiz, Sizin və çox sevdiyimiz hörmətli Mehriban xanımın xüsusi diqqəti, qayğısı sayəsində xalqımız koronavirusla dünyanın ən nəhəng dövlətlərinin belə həsəd aparacağı əzmkarlıqla mübarizə aparır. Azərbaycanda yaşayan, doğma ölkəmizin vətəndaşı olan hər bir insan üçün Siz çətin günün dostu, arxa-dayağı oldunuz. “Biz birlikdə güclüyük!” deməklə xalqımızı səfərbər etdiniz. Hamı bu fikrin ətrafında sıx birləşərək həmrəylik göstərdi. Eyni zamanda, qeyd etməliyik ki, insanların həyatının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına, rifahının yüksəldilməsinə xidmət edən mükəmməl daxili siyasətiniz ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə yönəlmiş xarici siyasətlə tamamlanır. Qoşulmama hərəkatına üzv olan ölkələrin dövlət başçıları ilə Sizin birbaşa təşkilatçılığınızla keçirilən videokonfrans Azərbaycanın dünyada söz sahibi olan dövlətlərdən olduğunu bir daha sübut etdi. Biz tələbə-gənclər bütün bunları görür, Sizinlə həmrəy olur, Sizinlə qürur duyuruq. Qoy hamı bilsin ki, biz hər zaman sevimli Prezidentimizləyik, Sizin qərarlarınızı ürəkdən bəyənirik və dəstəkləyirik”.

Mənbə: sherg.az