Ermənilərin yuxusu...

Ermənilərin yuxusu...

İndi də Naxçıvanı istəyirlər

Ermənistan ordusu hər zaman olduğu kimi, bu gün də Azərbaycana qarşı təxribatlarını davam etdirir. İşğalçı ölkə davamlı şəkildə ölkəmizlə həmsərhəd bölgələrdə gərginlik yaradır ki, son günlər bu acı Qazax rayonu istiqamətində də baş verdi. Nankor qonşumuzun atəşkəsi yenidən pozması Azərbaycan əsgərini şəhid etdi. Qudurğan erməni ordusu bunun ardınca Naxçıvan istiqamətində gərginlik yaratdı və ərazilərimizə doğru cəhd etməyə çalışarkən ordumuz gecikmədən mənfurlara layiqli cavab verdi.

Baş verənlər göstərir ki, düşmən ordusunun bölmələri Azərbaycana qarşı təxribatları dayandırmaq fikrində deyil.

Əslində düşmən zaman- zaman dinc durmayıb, mövqelərini hər dəfə Azərbaycana doğru dəyişməyə cəhd edəndə tutarlı cavab alıb. Azərbaycan hərbçilərinin Naxçıvan istiqamətində Ermənistan ordusunun tabor komandirinin “Nissan Patrol” markalı avtomobilini yerlə- yeksan etmələri buna əyani misaldır.

Yaxın günlərdə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan da bunu təəssüf hissi ilə qeyd edərək öz “Facebook” səhifəsində yazmışdı.

Bu olay “Qraparak” qəzetində isə belə yazılıb ki, hadisə 2018-ci il 27 may tarixində Naxçıvan istiqamətində, Azərbaycan mövqelərinin irəli çəkdiyi Günnüt yüksəkliyi istiqamətində baş verib. Ermənistan Müdafiə Nazirliyi sürücünün avtomobili tərk etdiyini və maşının tamamilə yandığını bildirib.

Ermənilər ənənələrinə sadiq qalaraq, yenə də Azərbaycan tərəfini günahlandırmağa cəhd edir. Güman edirəm ki, artıq ermənilər yanmış maşının fotolarını əşyayi-dəlil kimi görürüb beynəlxalq təşkilatlara və həmsədrlərə vay-şivən dolu şikayət göndərib. Çünki ermənilər yaxşı bilir ki, hələ 2018-ci ilin mayında olduğu kimi, erməni təxribatçılarına cavab verən Azərbaycan ordusunun birləşmələri 11 min hektardan çox ərazimizi erməni quldurlarından təmizlədiyi zaman həmsədrlər ermənilərin ünvanına bir kəlmə də olsun tənqidi fikir deməmiş, amma Azərbaycanı tənqid etmişlər.

Bəli, beynəlxalq himayəçilərinə arxayın olan ermənilər bir tərəfdən təxribat törədirlər, eyni zamanda, işğal etdikləri əraziləri azad etmək əvəzinə, ölkəmizə qarşı yeni ərazi iddiası irəli sürürlər. Hətta onlar Ermənistanda 1921-ci il Moskva Müqaviləsinin ləğvi, Naxçıvanın onlara verilməsi istiqamətində də həyasızlıqlarını davam etdirirlər.

Azərbaycanla Ermənistan sərhəddinin Naxçıvan hissəsində baş verən hərbi həmlələr göstərir ki, bu yolla ermənilər Naxçıvanın müdafiə qüdrətini yoxlayırlar. Onlar onu da bilir ki, son zamanlar Azərbaycan Ümumqoşun hissələrinin Naxçıvanda yerləşən korpusu qardaş Türkiyədən alınmış güclü modern silahlarla tamamilə möhkəmləndirilib. Lakin buna baxmayaraq erməni hərbi birləşmələri Naxçıvana hücum edərək, ordumuzun hücumu nəticəsində itirdikləri əraziləri geri almağa cəhd edirlər.

Heç kim şübhə etmir ki, Ermənistan bu cür təxribatçı hərəkətlərilə təbii ki, Azərbaycanın güclü ordusu qarşısında heç nə edə bilməyəcək. Uzağı, işğal etdiyi əraziləri itirəcək.

Şahnaz Salehqızı

Mənbə: paralel.az