Azərbaycan Trampın sosial media davasına qoşulur?

Azərbaycan Trampın sosial media davasına qoşulur?

Qabil Hüseynli:" Sosial şəbəkəni ləğv edib məhdudlaşdırmaq ağlabatan deyil”

Məlum olduğu kimi, ABŞ Prezidenti D.Tramp “Onlayn senzuradan müdafiə barədə” sərəncam imzalayıb. Sərəncama Ağ Evdə təşkil edilən mərasimdə imza atan Tramp bu barədə jurnalistlərə məlumat verib. O, imzaladığı sərəncamın ölkəsini müdafiə etmək zərurətindən yarandığını ifadə edib.

Sosial medianın hazırkı dövrdə əsas aparıcı vasitə olduğunu heç kim inkar etmir. Əksinə, hər kəs sosial medianın böyük təsir gücünə malik olmasını etiraf edir, onun müsbət və mənfi təsirlərindən bəhs edir. Ölkəmizdə sosial şəbəkələr bütün sahələrə güclü təsir edən vasitə kimi tanınır. İndinin özündə və bu günə qədər sosial şəbəkələr vasitəsi ilə həm daxili, həm də xarici düşmən qüvvələrin Azərbaycana qarşı qərəzli kampaniyalar aparmalarının şahidiyik. Bu kampaniyada ölkəmizə qarşı ardıcıl terror çağırışları edilir və edilməkdədir. AntiAzərbaycan, erməni və ermənipərəst dairələr sosial media vasitəsi ilə ölkəmizə qarşı qarayaxma kampaniyaları, feyk məlumatlar, informasiya müharibələri təşkil edirlər. Lakin bütün baş verən mənfi proseslərə baxmayaraq, Azərbaycan indiyə qədər sosial şəbəkələrə qarşı heç bir məhdudlaşdırıcı tədbir görməyib. Bundan sonra, ölkədə bu cür addımlar atıla bilərmi, Avropanın, ardınca Trampın atdığı addımlara Azərbaycan da qoşula bilərmi? sualı ilə politoloqa müraciət etdik.

Politoloq Qabil Hüseynli bununla bağlı bildirdi ki, sosial şəbəkələr üzərində nəzarət olmalıdır: “Əslində bu məsələnin iki tərəfi var. Birincisi odur ki, sosial şəbəkələr müasir dövrün ən böyük uğurlarındandır. Yəni xəbərləşməni asanlaşdırıb, operativ edib. Eyni zamanda, bir çox şəxslər sosial şəbəkə vasitəsilə intellektual dünya görüşünü də zənginləşdirə bilir, elmi-kütləvi informasiyalar alır. Buna görə də sosial şəbəkələr bu gün elmin ayrılmaz hissəsinə çevrilib və bəşəriyyətin elmi-texniki cəhətdən inkişaf etməsinə misilsiz yardım göstərir. Ancaq digər tərəfdən də sosial şəbəkələr üzərindən müxtəlif terrorçu qruplaşmalar, intellekti aşağı olan adamlar həm qisas, həm də əxlaqa zidd olan fəaliyyətlər qururlar. Yəni bu baxımdan yanaşsaq, deyə bilərik ki, sosial şəbəkələr həm də cəmiyyətlərin əxlaqi dəyərlərinə zərər vuran adamlar üçün müəyyən imkanlar açır. Nəzarət etmək olar, lakin onu birdəfəlik ləğv edib məhdudlaşdırmaq ağlabatan deyil. Ancaq nəzarət olmalıdır. Antibəşəri, anticəmiyyət, əxlaqa zidd meyllərin və təzahürlərin qarşısını almaq üçün ciddi nəzarət sistemi olmalıdır ki, bu cür adamların fəaliyyətləri məhdudlaşdırılsın, son nəticədə isə heçə endirilsin”.

Politoloqun rəyindən aydın görünür ki, müasir dövrün sürətli xəbər lokomotivi vəzifəsini üzərinə götürmüş sosial şəbəkələri ləğv etmək mümkün deyil, lakin onun fəaliyyətinə nəzarətin təmin olunması olduqca vacibdir. Çünki sosial şəbəkələrin yaydığı hər bir xəbər üçün məsuliyyət daşıması onun fəaliyyətinə müəyyən stimul verəcək. Cəmiyyət üçün təhlükəli halların təbliğinə və təşviqinə geniş imkan tanınmayacaq.

Qeyd edim ki, ABŞ Prezidenti D. Trampın mayın 28-də sosial şəbəkələrin fəaliyyətinə nəzarət barədə imzaladığı sərəncam haqqında tanınmış ekspertlərin rəyləri birmənalı deyil. Rəsmilər sərəncamı təqdir, sosial şəbəkə iştirakçıları isə bu sərəncamı ciddi tənqid edir və söz azadlığının pozulması kimi qələmə verirlər.

Çünki rəsmilərin fikirlərində sosial şəbəkələrin fəaliyyətinə nəzarət barədə D.Trampın imzaladığı sərəncam ciddi -cəhdlə müdafiə olunur. Ölkə rəsmilərinin bu sərəncamı ruh yüksəkliyilə müdafiə edərək, onların ölkədə məşğul olduğu rüşvətxorluq və korrupsiya əməlinin ifşa olunmasında əvəzsiz rol oynayan sosial şəbəkələrdən, sanki qisas almaq üçün əllərinə yaxşı şans keçdiyi aydın hiss olunur.

Bəzi millət vəkillərinin və rəsmilərin mediada yayılmış bu cür təqdiredici fikirlərindən aydın görünür ki, Azərbaycan ABŞ Prezidenti D. Trampın sosial media ilə açdığı davaya qoşulacaq.

Gəlin, tələsməyək, hadisələrin davamını səbrlə izləyək.

Mahir Abbaszadə

Mənbə: paralel.az