ISESCO “Arzuladığımız cəmiyyət” vebinar silsiləsindən ilk virtual tədbirini keçirib

ISESCO “Arzuladığımız cəmiyyət” vebinar silsiləsindən ilk virtual tədbirini keçirib

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) “Arzuladığımız cəmiyyət” vebinar silsiləsindən ilk virtual tədbirini keçirib. “Sülh naminə təhsil” mövzusunda təşkil edilən müzakirələrdə qeyd olunub ki, sülhün və təhlükəsizliyin, həmçinin sağlam və tərəqqipərvər cəmiyyətin qurulması məhz təhsilin yüksək səviyyəsindən asılıdır.

XeberOxu.Az-ın məlumatına görə, tədbirdə çıxış edən ISESCO-nun baş direktoru Salim Əl-Malik və BMT baş katibinin müşaviri Adama Dienq qlobal sülhün təmin olunması, silahlı münaqişələrin qarşısının alınması və dini dəyərlər vasitəsilə dinc-yanaşı yaşamanın təbliğində təhsilin rolunu vurğulayıblar. Qeyd olunub ki, məhz geniş intellektə malik olan gənclər dinindən və irqindən asılı olmayaraq bütün insanlara hörmətlə yanaşır, ayrı-seçkiliyə yol vermirlər. Natiqlər əlavə ediblər ki, bu kontekstdə sosial şəbəkələrdə irqçilik, kin və nifrət aşılayan ünsürlərin qarşısının alınması olduqca vacibdir.

BMT baş katibinin müşaviri diqqətə çatdırıb ki, BMT və UNESCO yaxın vaxtlarda icmalar arasında kin və nifrət toxumları səpən qüvvələrə qarşı birgə mübarizə mövzusunda nazirlər səviyyəsində konfrans təşkil etməyi planlaşdırır. O əlavə edib ki, təhsil nazirlərinin, ekspertlərin və gənclərin iştirakı ilə keçiriləcək bu tədbirdə üzv dövlətlərə konkret tövsiyələr veriləcək.

Virtual konfransda UNESCO, Afrika İnkişaf Bankı, 2021-ci ildə keçiriləcək Su Sammitinin Əlaqələndirmə Şurası və digər təşkilatların nümayəndələri iştirak ediblər.

 

Mənbə: www.xeberoxu.az