Iran istismar olunan amerikalıların yanında olduğunu bəyan etdi...

Iran istismar olunan amerikalıların yanında olduğunu bəyan etdi...

Cənub qonşumuzda da iğtişaşlar olanda eyni fikirləri ABŞ rəsmiləri deyir...

"Hazırda Amerikada cərəyan edən etirazlar illər boyu bu ölkə xalqının səsinin batırılması və ona qarşı repressiyaların nəticəsidir. Belə bir vəziyyətdə Amerika rəsmilərinin günahı başqalarının boynuna yıxmaqdan savayı bir çarələri yoxdur...”

Moderator.az xarici saytlara istinadla xəbər verir ki, bu sözləri dünən – iyunun 1-də keçirdiyi mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Robert Obrayenin Amerikadakı son çaxnaşmalarda İranın rolu barədəki iddiasına cavab verərkən söyləyib.

İran XİN rəsmisi vurğulayıb ki, Tehran Amerikanın daxili işlərinə hər cür müdaxiləni rədd edir.

“Əsasən rənglidərililər çoxluq təşkil etməklə Amerika vətəndaşlarına qarşı ən vəhşi repressiyalar bütün dünya xalqlarının təəssüf və narahatlığına səbəb olur” –deyən Abbas Musəvi Amerika xalqına xitabən vurğulayıb:

“Dünya sizin məzlumluq səsinizi eşidir və sizin yanınızda durubdur...”

O, Amerika hökuməti və polisinə isə belə çağırış edib:

“Öz xalqınıza qarşı zorakılıqları dayandırın və qoyun, onlar nəfəs alsınlar...”

Bunu deyərkən İran rəsmisi polis tərəfindən öldürülən afro-amerikalı Corc Floydun son nəfəsində dediyi “Mən boğuluram” sözlərini xatırladıb.

Xatırladaq ki, Minneapolisdə afro-amerikalının polis zorakılığı nəticəsində qətlindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb, 40-dan çox şəhərdə komendant saatı elan edilib.

P.S. İranda da iğtişaşlar olanda eyni fikirləri ABŞ rəsmiləri deyir...

Sultan Laçın

Mənbə: moderator.az