Əlvida kapitalizm! - Yeni sistem yaradılır

Pandemiya dövrü dünya iqtisadiyyatına və bütövlükdə insanların həyat tərzinə ciddi təsir etdi. Pandemiyadan sonra mühüm dəyişikliklər gözlənilir. Xüsusilə sürətli elektronlaşma və onlayn platformanın yaratdığı imkanlar tədricən kapitalizmi sıradan çıxaracaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli son günlər koronavirus pandemiyasından sonra kapitalizmin tədricən sıradan çıxıb daha təkmil bir sistemlə - elektrolizmlə əvəz olunması iddialarını şərh edərkən deyib.

N.Cəfərli qeyd edib ki, hazırkı kapitalizm anlayışı 18-19-cu əsrdəki kapitalizm anlayışından çox fərqlidir:

“Koronavirus pandemiyasının artıq ikinci dalğası başlayıb. Bir çox ölkədə ikinci dalğa özünü göstərməkdədir. Yəni koronavirusun tam nə zaman bitəcəyinə dair proqnoz vermək çətindir. Lakin bir həqiqət var ki, koronavirusdan sonra kapitalizm öz mahiyyətini itirəcək. Xüsusilə də yeni bir tendensiya olan elektronizmlə özünü əvəz edə bilər. Nəzərə alsaq ki, feodalizm quruluşunun tənəzzülü 3 böyük vəba xəstəliyindən sonra baş verdi, bu gün də eyni fikri kapitalizm üçün demək olar. Hazırda kapitalizm quruluşu yarandığı ilk illərə nəzərən çox dəyişib. İkinci Dünya müharibəsindən sonra kapitalizmdə “sosial rifah” anlayışı ortaya çıxdı. Bu gün də kapitalizmin bu növü Skandinaviya ölkələrində qalmaqdadır”.

Ekspert deyib ki, onsuz da dəyişən kapitalizm pandemiyadan sonra tamamilə yeni formaya keçəcək:

“Birincisi, elektronlaşma daha geniş vüsət alacaq. Pandemiyadan öncə onlayn ticarət, nağdsız ödəmə və s. dünyada geniş yayılmaqda idi. Ölkəmizdə bu üsuldan istifadə edilsə də, lazımi baza yox idi. Lakin pandemiya dövründə istər Azərbaycanda, istərsə də dünyada elektronlaşma, onlayn satış geniş yayılmağa başladı. Bu tendensiya insanların pandemiyadan sonrakı həyatının ayrılmaz parçası olacaq. İkincisi, süni intellekt sahəsi daha da inkişaf edəcək. Süni intellekt sahəsində işlər pandemiyadan öncə gedirdi. Lakin pandemiya dövrü bu sahənin daha geniş yayılmasına zəmin yaratdı. Pandemiyadan sonra da süni intellektin inkişaf etməsi və həyatımızın bir parçası olması labüddür. Üçüncüsü, bəzi peşələr, ixtisaslar tədricən öz əhəmiyyətini itirəcək. Elektronlaşmanın tələblərinə uyğunlaşan peşələr mövcudluğunu qoruyacaq. Digər tərəfdən, yeni peşələr artıq ortaya çıxmaqdadır”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir

SONRAKI XƏBƏR

48 yaşlı aktrisa bikinili fotoları ilə HEYRAN ETDİ