Hazırda İmişlidə vəziyyət necədir? – FOTO

“Elçin Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra onunla görüşdüm, müzakirələr apardıq. Birlikdə işləməklə bağlı planlar barəsində danışıldı”.

Bunu Pravda.az-a açıqlamasında 79 saylı İmişli seçki dairəsinin deputatı Razi Nurullayev deyib.

R.Nurullayev yeni icra başçısının inkişafa nail olmaq üçün mühüm addımlar atacağını vurğulayıb: “Yeni icra başçısı mənə xoş təsir bağışladı. Ümid edirəm, Elçin Rzayev İmişlinin inkişafı üçün əlindən gələni edəcək, biznes mühiti yaradacaq ki, insanlar vəsait qoyub pul qazana bilsinlər. Biznesmenə “Bura sərmayə qoy” deyilməməlidir, o, özü gəlməlidir. Yəni biznesmen cəlb edilməlidir. Təbii ki, bütün bunlar şəffaf şəkildə həyata keçirilməlidir. Belə olan halda, işləri yerləri də yaradılacaq, vergi də ödəniləcək”.

Deputat rayonun əvvəlki rəhbərliyinin insanları incitdiyini qeyd edib: “Azərbaycanda sistem belə qurulub ki, birinci şəxslər hökmran olur, onların iradəsi yerinə yetirilir. İcra başçısının da həmçinin. Əmrləri yerinə yetirən insanları həbs etməli olsaq, İmişlidə məmur qalmaz... İş adamları çox incidilib. Deməzdim ki, İmişliyə ciddi sərmayə qoyulub. Yatırılan sərmayə də inzibati yollarla baş verib. Bildiyiniz ki, rayonda sosial müavinətlər belə rəhbərlik tərəfindən “yeyilib”. İmişli hazırda ən çox əziyyət çəkən rayonlardan biridir. Əslində isə ən varlı rayonlardan biri olmalı idi. İmişliyə dotasiya ayrılmır, öz-özünü dolandırır. Belə bir rayonun vəziyyəti çox acınacaqlıdır. Yeni icra başçısı bütün problemləri həll etməyə çalışacaq, mən də ona əlimdən gələn köməyi edəcəyəm ki, inkişafa nail olaq”.

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Yaponiyada İmperator sarayı iki aylıq fasilədən sonra ictimaiyyət üçün açılıb

SONRAKI XƏBƏR

Hamının diqqətinə: Korona daha öldürmür? - ÜST-dən şok açıqlama