“Məcburi köçkün soydaşlarımızın problemlərinin kompleks həlli mürəkkəb pandemiya dövründə də davam edir”

“Məcburi köçkün soydaşlarımızın problemlərinin kompleks həlli mürəkkəb pandemiya dövründə də davam edir”

Azərbaycanda həyata keçirilən sosial siyasət, insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması doğma ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın timsalında da özünü aydın büruzə verir. Prezident İlham Əliyevin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının müsbət nəticəsini məcburi köçkünlər gündəlik həyatlarında açıq şəkildə hiss edirlər. İsti ocaqlarından didərgin salınanların mənzil-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, onların məşğuliyyətinin təmin olunması dövlətimizin qarşıya qoyduğu prioritet vəzifələrdəndir.
28 May -- Respublika Günündə Bakının Qaradağ rayonunda “Qobu Park-3” yaşayış kompleksinin açılışı bu qəbildən olan insanlara qayğının növbəti təzahürüdür.

Milli Məclisin deputatı, Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva ilə söhbətimiz bu barədə oldu. O dedi:
-- Azərbaycanda məcburi köçkün soydaşlarımızın problemləri ardıcıl şəkildə həllini tapır və bu məsələ ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas prioritetidir. 28 May Respublika Günündə istifadəyə verilən yeni yaşayış kompleksi də cəmiyyətin həssas təbəqəsinə dövlətin növbəti qayğısıdır. Təşəbbüskarı Birinci vitse-prezident Mehriban xanım Əliyeva olan bu yaşayış kompleksi həmin ərazidə inşa olunan sayca üçüncü qəsəbədir və təkcə bu layihənin icrası 1336 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olub. Yeni yaşayış komplekslərinin inşası bu gün də davam etdirilir və həmin mənzillərə də məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan məcburi köçkünlər köçürüləcək.
Ən diqqətçəkən məqam bu cür sosial layihələrin icrasının mürəkkəb pandemiya dövründə də davam etdirilməsidir. Məlumdur ki, pandemiya dünya dövlətlərinin iqtisadiyyatını ciddi sınaqlar qarşısında qoyub. İqtisadi böhran səbəbindən dünyanın əksər ölkələrində sosial layihələrin icrası təxirə salınıb. Lakin Azərbaycanda həyata keçirilən çevik və məqsədyönlü siyasət nəticəsində nəinki sosial layihələr təxirə salınmır, ümumiyyətlə, bu sahədə hər hansı yubanmadan belə söhbət getmir. Buvaxta qədər baş verən qlobal maliyyə böhranı zamanı da eyni tendensiya müşahidə olunub. Çünki ölkə başçısının da hər zaman bəyan etdiyi kimi, Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaş və onun maraqları, əhalinin sosial qayğılarının həlli dayanır. Ən vacib məqam odur ki, ölkəmizdə dövlət sosial layihələrinin hər birini öz iqtisadi gücü hesabına reallaşdırır. Digər tərəfdən, təbii ki, bu işləri həyata keçirmək üçün, ilk növbədə, siyasi iradə tələb olunur. “Qobu Park – 3” yaşayış kompleksinin açılış mərasimində cənab Prezidentin də söylədiyi kimi, bu qəsəbələrin yaradılması göstərir ki, əgər iradə varsa, siyasət düzgün aparılırsa, istənilən təşəbbüsü və ideyanı reallaşdırmaq da mümkündür. Biz məhz Azərbaycan nümunəsində bu reallığın şahidiyik.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com