COVID 19-a qarşı mübarizə davam edir

COVID 19-a qarşı mübarizə davam edir

Koronavirus pandemiyası ilə mübarizə hələ davam edir. Qlobal infeksiya çoxsaylı insan ölümünə səbəb olmaqla yanaşı, dünya ölkələrini ciddi iqtisadi, maliyyə, səhiyyə və sosial problemlərlə də üz-üzə qoymuşdur. İnkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələr hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Ancaq digər ölkələrdən fərqli olaraq Azərbaycan koronavirusla mübarizədə müsbət mənada fərqlənməyi bacardı. Prezident İlham Əliyevin qabaqlayıcı və düşünülmüş siyasəti sayəsində Azərbaycan koronavirusun ağır zərbələrindən yayınmağa müvəffəq oldu.

İnfeksiyaya yoluxma ­faktı qeydə alınan ilk gündən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə yaxından əməkdaşlıq şəraitində əhalinin sağlamlığının qorunması və pandemiyanın daha geniş yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atıldı. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi. Azərbaycanda xarici mənfi proseslərin milli iqtisadiyyatımıza təsirlərini azaltmaq, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə dəstək vermək, iş yerlərini qorumaq, əhalinin sosial müdafiəsini təmin etmək, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə operativ addımlar atıldı. Dövlətimiz virusla mübarizədə bütün mümkün tədbirləri görür. Belə ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrıldı. Bu da onu sübut edir ki, belə çətin məqamda dövlətimiz öz üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirir. Prezident İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında bildirmişdi ki, dövlət nə lazımdırsa, onu edir: “Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır”.
Beynəlxalq münasibətlərin məsuliyyətli üzvü kimi Azərbaycan pandemiya ilə qlobal mübarizəyə də öz dəyərli töhfəsini verir. Rusiyanın “Mir” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev bildirmişdi ki, ilk növbədə, milli səviyyədə işləməklə Azərbaycan beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışır. “Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində biz ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə etdik. Eləcə də həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı”, – deyən dövlət başçısı əlavə etmişdi ki, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Bundan başqa, Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı zamanı Prezident İlham Əliyev vurğulamışdı ki, Azərbaycan o ölkələrdəndir ki, öz gücünə bu bəla ilə mübarizə aparır: “Onu da bildirməliyəm ki, biz artıq 10-dan çox ölkəyə yardım göstərmişik, yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərmişik. Bəzi ölkələrə maliyyə yardımı göstərmişik. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Belə ölkələrin sayı o qədər də çox deyil. Ona görə bu, bizim məsuliyyətimizi göstərir. Onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq”.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Koronavirus pandemiyası başlamazdan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatına qarşı ciddi tədbirlər görüldü, şəffaflıq təmin edildi və dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin edildi, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron məlumat sistemi yaradıldı. Prezident Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar problemin dərinləşməsinə imkan vermədi. Ölkə başçısının vaxtında apardığı islahatlar və reallaşdırılan tədbirlər, ilk növbədə, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına nail olmaq idi və fors-major vəziyyətdə bu addımlar öz əhəmiyyətini göstərdi. Bundan başqa, qəbul edilən qərarlar həm hüquqi bazanın yaradılmasını, həm praktiki müstəvidə zəruri işlərin görülməsini, həm də maddi dəstək tədbirlərini əhatə etdi. Azərbaycan pandemiyanın nəticələrinin təsərrüfat subyektlərinə mənfi təsirinin qarşısını almaq üçün uğurlu bir model formalaşdırmağı bacardı. Mütəxəssislərin sözlərinə görə, bu müvəffəqiyyətin açarı Prezident İlham Əliyevin iqtisadiyyatın şəffaflığını təmin edən siyasətindədir. Ölkə vətəndaşlarının da Prezidentin ətrafında sıx birləşməsi və dövlət başçısını dəstəkləməsi pandemiya üzərində qələbəni təmin edən başlıca amillərdən biri oldu.
Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizədə bir sıra mühüm addımlar atması müsbət nəticələrin əldə edilməsinə şərait yaratdı. Belə ki, Prezidentinin sərəncamı ilə Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Kütləvi yoluxmanın qarşısını almaq üçün, demək olar ki, dərhal respublikada vəziyyət nəzarət altına alındı. Vaxtında təhsil prosesi dayandırıldı, bütün kütləvi tədbirlər ləğv edildi və təxirə salındı, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı. Bakı Metropoliteninin işi dayandırıldı, yerüstü ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırıldı. Şübhəsiz, bütün bu addımlar koronavirusun qarşısının alınmasında müstəsna rol oynadı. Vaxtında xüsusi karantin rejiminin tətbiq edilməsi, vətəndaşların sutkanın yalnız müəyyən vaxtında, “SMS icazəsi” ilə evlərini tərk edə bilmələrinə icazə verilməsi vəziyyətin ağırlaşmasının qarşısını aldı. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, məhdudlaşdırıcı tədbirlər həyata keçirilməsəydi, indi vəziyyət nəzarətdən çıxa bilərdi. Məhz ümumi mübarizədə əldə edilmiş uğurlar sayəsində mayın 31-dən yeni növ koronavirus infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin böyük bir qisminin yumşaldılmasına qərar verildi.
Xatırladaq ki, qərara əsasən, mövcud sanitar-­epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olundu. Bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürüldü. Bundan başqa, restoran, ticarət mərkəzləri (əyləncə və iaşə obyektləri istisna olmaqla), kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək bərpa olundu. Eyni zamanda, bütün ölkə üzrə muzey və sərgi zallarının fəaliyyətinə icazə verildi, 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürüldü. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edildi. Son qərarda rayon və şəhərlərdə dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması qaydası ləğv olundu, lakin sosial məsafəni gözləmək şərtilə maskalar şəhərlərarası və şəhərdaxili sərnişindaşımada istifadə olunan nəqliyyatda (avtobus, taksi, metro, dəmir yolu və s.) taxılmalıdır. Maskaların (tibbi maska, parça maska, respirator və sair) taxılması qaydası bazar, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində də şamil olunur. Həmçinin maskalar tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə taxılmalıdır. Bir sözlə, pandemiya dövründə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.
Əlbəttə, karantinin yumşaldılması hər bir vətəndaşın üzərinə müəyyən vəzifələr də qoyur. Mütəxəssislərin fikrincə, məhdudiyyətlər aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım yarana və prosesin ikinci dalğası başlaya bilər. Ona görə ki, koronavirus xəstəliyi uzunmüddətli prosesdir. Operativ qərargah da vurğulayır ki, virus ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan koronavirusla bağlı hazırkı vəziyyətdə hamı şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum ünsiyyətdə olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməlidir. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi də mütləqdir. Aydındır ki, karantin rejimi hər bir insanın həyat tərzinə təsirlər göstərir, bununla belə, tövsiyə edilən addımlara riayət olunmasa, pandemiyanın ikinci dalğası başlana bilər. Unutmaq lazım deyil ki, bu qaydaların pozulmasına görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. Vətəndaşlar şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, ictimai yerlərdə kənar şəxslərlə minimum əlaqədə olmalı, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməlidir.
Xatırladaq ki, ÜST-in Avropa regionu üzrə direktoru Hans Henri Kluqe yeni növ koronavirus (COVID-19) pandemiyasının ikinci dalğası ilə bağlı xəbərdarlıq edir. H. Kluqe Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsində vurğualayır ki, payızda koronavirusun ikinci dalğası gözlənilir və bu, daha öldürücü ola bilər. Onun sözlərinə görə, Avropa ölkələri pandemiyanın ikinci dalğasına hazırlaşmalıdır: “Bu səbəbdən də səhiyyə sistemlərinin gücləndirilməsinə, tibb müəssisələrinin ilkin tibbi yardım və reanimasiya bölmələrinin imkanlarının artırılmasına xüsusi diqqət yetirilməlidir”. ÜST rəsmisi məhdudlaşdırıcı tədbirləri yüngülləşdirməyə başlayan ölkələrə müraciətində ehtiyatlı olmağı tövsiyə edir. ÜST-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı da vurğulamışdı ki, epidemiyanın ikinci dalğası birinci dalğada xəstələnməyən insanların yoluxması nəticəsində ortaya çıxa bilər. Buna görə də, operativ qərargahın hazırladığı ümumu qaydalara ciddi əməl olunması hər bir vətəndaş üçün ümummilli vəzifə xarakteri daşımalıdır. Hər kəs sosial məsuliyyətdən irəli gələn tədbirlərə, yəni sanitar-epidemioloji qaydaların hamısına riayət etməlidir. Bura şəxsi gigiyena və zəruri profilaktik qaydaların hamısı daxildir.
Birmənalı şəkildə vurğulamaq lazımdır ki, gigiyena qaydalarına ciddi riayət edilməsə, pandemiyanın ikinci dalğası başlaya, özü ilə bərabər daha böyük təhlükələr gətirə bilər. Mütəxəssislərin sözlərinə görə, xəstəliyin dinamikasında artım olarsa, yumşaldılan karantin rejiminin yenidən sərtləşdirilməsi, hətta müvafiq məhdudiyyətlərin müddətinin daha da uzadılması mümkündür. Buna görə də, bu gün ümumi müsbət mənzərənin pozulmaması hər birimizdən asılıdır. Məhdudiyyətlər azaldılsa da, hər bir şəxs gigiyena qaydalarına riayət etməli, əllərini tez-tez yumalı, tibbi maska və əlcəklərdən istifadə etməlidir. Qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi, əlbəttə ki, ümumi işin xeyrinə olar. Buna görə də, xəstəliyin ikinci dalğasının başlamasına şərait yaratmamaq üçün bütün profilaktik tədbirlərə riayət olunması xüsusi əhəmiyyət kəsb edir.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com