ABŞ-da zorakı etirazlar dayanmaq bilmir, Tramp əmr verdi – ordu ağır silahlarla küçələrə çıxır

ABŞ-da zorakı etirazlar dayanmaq bilmir, Tramp əmr verdi – ordu ağır silahlarla küçələrə çıxır

Mayın 25-də ABŞ-ın Minneapolis şəhərində amerikalı qaradərili Corc Floydun polis zorakılığı nəticəsində ölümündən sonra başlayan etiraz aksiyaları getdikcə daha təhlükəli hal alır.

Baki-xeber.com xəbər verir ki, ölkəni bürümüş etiraz aksiyalarında tez-tez polislə qarşıdurmalar yaşanır. Etirazçılar tərəfindən dükanlar yağmalanır, avtomobillər və binalar yandırılır, polislər onları dayandırmaq üçün gözyaşardıcı qaz və plastik güllələrdən istifadə edir. Hər iki tərəfin bir-birinə qarşı çox aqressiv davranması isə diqqətlərdən yayınmır. Polisin müdaxiləsi zamanı jurnalistlərlə etirazçılara heç bir fərq qoyulmur, jurnalistlər də tez-tez polis zorakılığı ilə üzləşir.

Vaşinqtonda Ağ Ev yaxınlığında qədim bir kilsənin etirazçılar tərəfindən yandırılması cəhdindən sonra Ağ Evin bayırdakı bütün işıqları söndürülüb, bina qaranlığa qərq olub. Paytaxt Vaşinqtonda iki günlük komendant saatı elan edilib.

Amerika mediası terror təhlükəsi ilə əlaqədar ABŞ Prezidenti Donald Tramp və ailəsinin sığınacağa yerləşdirildiyini və bir saat orada qaldıqlarını yazır. Ancaq hələlik bununla bağlı heç bir rəsmi açıqlama yoxdur.

Bundan əvvəl Tramp, küçələrdə asayişi bərpa etmək üçün bütün ölkə daxilində Milli Qvardiya, yerli polis və hərbi qüvvələrin hazır vəziyyətə gətiriləcəyini bildirmişdi. Dünən isə çox sayda hərbi konvoy Vaşinqtona daxil olub.

Son məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp, minlərlə ağır silahlı hərbçi və təhlükəsizlik qüvvələrinə ölkəni bürümüş etiraz aksiyalarını yatırmaq əmri verdiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iğtişaşların arxasında “Antifa” hərəkatının dayandığını açıqlayıb və qrupu terror təşkilatı elan edib. "Anti-faşist" sözünün qısaldılmış variantı olan “Antifa” hərəkatı ilk dəfə 1930-cu illərdə Nasist Almaniyasında ortaya çıxıb.

Mənbə: www.baki-xeber.com