“Belarus ssenarisi”: Arxasında kim dayanır?

“Belarus ssenarisi”: Arxasında kim dayanır?

Avqustun 9-da keçiriləcək prezident seçkiləri öncəsi Belarusda siyasi gərginliyin artması ilə müşahidə olunur.

Hətta Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə müxalifətin dinc inqilab etmək istəyindən danışır. Ona görə də A.Lukaşenko Belarusda Ukraynada olduğu kimi “Maydan” inqilabının baş verməsinin qarşısını alacağı barədə cəmiyyətə sərt mesajlar ötürür. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri Valeri Vakulçiklə görüşən prezident Lukaşenko dolayısı ilə ona müxalifətin inqilab ssenarisinin qarşısını almağı tapşırıb.

"Prezident seçkisi ərəfəsində bizə "Maydan" təşkil etmək istəyirlər. Mən bu görüşdə məni eşidən, qulaq asan, baxan hər kəsə demək istəyirəm ki, Belarusda “Maydan" olmayacaq".

Eyni zamanda, prezident Lukaşenko bildirib ki, Belarusdakı vəziyyəti Ermənistanla və ya Ukrayna ilə müqayisə etmək olmaz. “Bizi burada yeni paşinyanların, yeni zelenskilərin olması ilə müqayisə etməyə ehtiyac yoxdur. Bizdə hazırkı vəziyyət nə Ermənistanda, nə də Ukraynadakı kimi deyil.

“Demək olar ki, şərait müxtəlif cür yetişə bilər. Yalnız bizdə paşinyanlar və zelenskilər yoxdur. Onlar istedadlı insanlardır, ən başlıcası isə öz ölkələrinin vətənpərvərləridir. Bəziləri isə burada yaradılan hər şeyi-nəinki prezident Lukaşenkonu, bütün hakimiyyəti qəpik-quruşa satmaq istəyirlər. Xalq təşkil olunub. Ona görə də buna ona yol vermək olmaz. Ölkəmizdə vəziyyətin gərginləşməsinə heç vaxt imkan verməyəcəyik”-deyə prezident bəyan edib.

Aleksandr Lukaşenkonun qeyd edilən açıqlamasını artıq prezident seçkilərinin nəticəsinin bəri başdan elan edilməsi kimi başa düşmək olar. Beşinci dəfədir prezidentlik uğrunda mübarizəyə qatılan Lukaşenko seçki qutusundan alternativ namizədin qalib çıxmayacağına işarə edib. Bu isə seçkilərin ədalətli və şəffaf keçiriləcəyini şübhə altına alır. Dövlət başçısı Ukraynada və Ermənistandakı proseslərin Belarusda təkrarlanmaması üçün DTK sədrinə xüsusi tapşırıqlar verməklə seçkilərin nəticəsini dəyişmək cəhdlərinin güc yolu ilə alınacağını açıq şəkildə bildirir. 2019-cu ildə “Mən hakimiyyətdən yorulmuşam”-deyən Lukaşenkonun son ifadələri onun prezident kürsüsünü hələ gənc liderlərə ötürmək fikrində olmadığını göstəırir. Bu isə Belarusda siyasi gərginliyi bir qədər də körükləyə bilər.

Lakin hazırkı siyasi situasiya Belarusda əvvəlki seçkilərdən xeyli fərqlənir. Belarusda sonuncu fəallıq və müxalifətin güclü etirazları 2006-cı ilin prezident seçkilərində qeydə alınıb. Həmin seçkilərdə Azadlıq Uğrunda Hərəkatın lideri Aleksandr Milinkeviç prezidentliyə namizədliyini irəli sürsə də səsvermənin nəticələrinə görə Lukaşenko qalib gəlmişdi. Seçkilərin saxtalaşdırıldığını iddia edən Milinkeşviç etiraz aksiyalarına başlasa da hökuməıt bunun qarşısını ala bildi. Həm də aksiyaların kütləvi olmaması, nümayişlərə 5 min nəfərdən artıq insanın çıxmaması Lukaşenkoya müxalifət üzərində siyasi qələbəsini təmin etmək imkanı verdi. 2010-cu və 2015-ci illərdə keçirilən prezident seçkilərində də Lukaşenko alternativsiz namizəd kimi qalib gəlib. Ona görə də Avropa Birliyi, Avropa Şurası, ATƏT və ABŞ seçkilərin nəticələrini tanımayıb. 2015-ci ildə keçirilən seçkilərinin rəsmi nəticələrinə görə, Lukaşenko 79,65 faiz səs toplayıb.

İndi isə Belarusda tamamilə fərqli situasiya müşahidə olunur. Ölkədə Lukaşenko hakimiyyətini dəyişməyə iddialı olan yeni siyasətçilər, bloqqerlər, texnokrat kadrlar meydana çıxıb. Onların xalq arasında olan güclü nüfuzu əvvəlki seçkilərdən fərqli olaraq prezident Lukaşenkonu ciddi narahat edir. Bloqqer Sergey Tixanovski, onun həyat yoldaşı Svetlana Tixanoskaya, Belarus Yüksək Texnologiyalar Parkının keçmiş rəhbəri, prezidentin sabiq köməkçisi Valeri Tsepkalo və “Belgazprombank”ın keçmiş sədri Viktor Babariko da seçicilər arasında yüksək nüfuza malik olduğu üçün seçkilərin Lukaşenko üçün heç də asan keçməyəcəyi düşünülür. Yəni avqustun 9-da keçiriləcək səsvermə 2006-cı ildən bəri Lukaşenko üçün ən ağır yarışma olacaq.

Qeyd edək ki, Sergey Tixanovski öncə prezidentliyə namizədliyini irəli sürsə də onun namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmayıb. Bundan sonra Svetlana Tixonovskaya namizədliyi irəli sürməli olub və həyat yoldaşı onun təşəbbüs qrupuna rəhbərlik edib. Lakin mayın 29-da Sergey Tixonovski Qrodno şəhərində polisə güc tətbiq etmək ittihamı ilə saxlanılıb. Sergey Tixonovskinin seçkiyə buraxılmaması vəziyyəti dəyişməyib və onun tərəfdarları indi Svetlana Tixonovskayanın ətrafında cəmləşib. Ona görə də Aleksandr Lukaşenko rəqibinin qarşısını almaq üçün “qadından prezident olmaz”-deyə gülünc açıqlama ilə çıxış edib.

Belarus cəmiyyətində Sergey Tixonovskini inqilabçı müxalifət lideri kimi Nikol Paşinyana bənzədirlər. Sosioloq Andrey Vardomatsko S. Tixonovskinin hazırkı siyasi vəziyyətini Vladimir Zelenskinin 2019-cu ilin prezident seçkiləri ərəfəsindəki irəliləyişinə çox yaxın hesab edir.

Belarusda yeni nüfuzlu liderlərin meydana çıxması bir neçə amillə izah oluna bilər. İlk növbədə, Belarus cəmiyyəti Lukaşenkonun diktatura siyasətindən dəyişməsini istəyir. Ona görə də protest elektoratın siyasi cəhətdən səfərbər olunması daha perspektivli liderlərin önə çıxmasına imkan yaradır. İkincisi, Lukaşenko öz rəqiblərinə nə qədər sərt mesajlar göndərsə də yeni müxalifət liderlərinin yetişməsi Belarusda siyasi sistemin yumşalmasının nəticədir. Bu dəyişikliyin baş verməsi isə məhz Lukaşenkonun təşəbbüsü ilə baş verib. O, bütün siyasi məhbusları azadlığa buraxıb, mühacirətdə olan müxalifətçilərin ölkəyə qayıtmasına icazə verib. Belarusun son illər Avropa Birliyi və ABŞ-la münasibətlərdə siyasi və iqtisadi cəhətdən yaxınlaşması, azad bazar münasibətlərinin inkişafı və sosial şəbəkələrdən istifadənin artması da adekvat olaraq siyasi proseslərə təsirsiz ötüşməyib.

Buna baxmayaraq, Lukaşenkonun seçkilərlə bağlı narahatlığı daha çox xarici amillərlə bağlıdır. Yəni dövlət başçısı müxalifətin seçkilər və ya inqilai yolla hakimiyyətə gələcəyi təqdirdə, 2014-cü ildə Ukraynada baş verən hadisələrin Belarusda da təkrarlanacağından ehtiyat edir. Yəni “Maydan” hərəkatında və ya Ermənistanda olduğu kimi Qərbin dəstəklədiyi inqilabçıların hakimiyyətə gəlməsi Rusiyanın Belarusa təcavüzü ilə nəticələnə bilər. Lukaşenko son illər Rusiya ilıə Vahid İttifaq Dövlətinin yaradılmasına dair sazişdən yayınaraq Qərbə xeyli yaxınlaşa bilib. ABŞ-la diplomatik əlaqələr bərpa edilib, Avropa Birliyi ilə Belarus arasında viza rejimi sadələşdirilib. Artıq Belarus Rusiya ilə yanaşı, ABŞ neftinin də alıcısına çevrilib. İyun ayında Belarusun Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunacağı və 2020-ci ilin sonunda isə Avropa Birliyi ilə strateji tərəfdaşlıq haqqında sazişin imzalayanağı gözlənilir. Bu da Kremldən ciddi narahatlıqla izlənir. Belə vəziyyətdə Belarusda inqilabın baş verməsi və siyasi qarşıdurma Rusiyanın Belarusu işğal etmək planlarını həyata keçirmək üçün mühüm siyasi fürsət ola bilər. Ona görə də Lukaşenko “Belarusda “Maydan” olmayacaq” deməklə həm də Rusiyaya ismarıc ünvanlayır. Lakin prezident Lukaşenko bununla özünü Belarusda təhlükəsizliyin yeganə təminatçısı kimi təqdim etməyə çalışır.

Ancaq seçkilərdən sonra hadisələrin inkişafı Qərbin mövqeyindən çox asılı olacaq. Əgər Qərb Belarusla münasibətləri daha çox inkişaf etdirməyə üstünlük versə, o halda Lukaşenkonun qələbəsini tanıyacaq. Belarusda “Maydan” və ya Ermənistandakı inqilab ssenarisini həyata keçirmək planı işə salınarsa, bu, Qərbin daha çox Rusiyaya hesablanmış gedişi olacaq. Bu ssenari Moskvanın müttəfiqini Qərbin tam geosiyasi təsir dairəsinə salmaqla Rusiyanın Şərqi Avropaya çıxışını məhdudlaşdırmağa xidmət edə bilər.

Lakin istənilən halda A.Lukaşenkonun seçkiləri saxtalaşdırması və digər namizədlərə təziqlərin artması Avropa Birliyi və ABŞ-la münasibətlərində əlaqələrin yenidən “soyuması”na gətirib çıxara bilər.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info