Azərbaycanın və Türkiyənin Ukraynadakı səfirləri iki ölkə arasında əlaqələrin inkişafını müzakirə ediblər

Azərbaycanın və Türkiyənin Ukraynadakı səfirləri iki ölkə arasında əlaqələrin inkişafını müzakirə ediblər

Kiyev, 2 iyun, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Türkiyənin bu ölkədəki səfiri Yağmur Əhməd Güldərə ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə hər iki ölkə arasında bütün sahələri əhatə edən əməkdaşlığın perspektivləri, pandemiya dövründə Azərbaycan və Türkiyənin birgə fəaliyyəti, regiondakı ictimai-siyasi və iqtisadi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi, qondarma “erməni soyqırımı” və digər məsələlər müzakirə edilib.

Səfir Elmira Axundova bildirib ki, tarixi bağlılıq və qardaşlıq baxımından dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə ən yaxın ölkə yoxdur. “Bizim işimiz bu əlaqələri həm beynəlxalq müstəvidə, həm də ikitərəfli formatda daha da inkişaf etdirmək və bu birliyi daha da möhkəmləndirməkdən ibarətdir. Hər iki ölkə istər Dağlıq Qarabağ münaqişəsi, istərsə də qondarma “erməni soyqırımı” ilə bağlı məsələlərdə həmişə vahid, dönməz mövqe nümayiş etdirib”, - deyə azərbaycanlı diplomat əlavə edib.

Türkiyə ilə Azərbaycan arasında çox gözəl münasibətlərin olduğunu vurğulayayan səfir Yağmur Əhməd Güldərə qeyd edib ki, bu münasibətlər strateji əməkdaşlıq xarakteri daşıyır və qardaşlıq əlaqələrinə əsaslanır.

“Güclü iqtisadiyyata və siyasi proseslərdə böyük rola malik olan Azərbaycanda son vaxtlar ciddi islahatlar həyata keçirilir. Türkiyə Azərbaycanın regionda daha da güclənməsində maraqlıdır”, - deyə Yağmur Əhməd Güldərə əlavə edib.

Görüşdə Ukraynada olan ictimai, siyasi və iqtisadi vəziyyət təhlil edilib, Azərbaycan-Türkiyə-Ukrayna arasında nəqliyyat, turizm, inşaat, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: azertag.az