“Koronavirus bizim media sektoruna da keçib, buna inanmayanlar...” - Rauf Arifoğlu

“Koronavirus bizim media sektoruna da keçib, buna inanmayanlar...” - Rauf Arifoğlu

Rusiya Jurnalistlər İttifaqının yaydığı məlumata görə, ölkədə 400 jurnalistdə koronavirus aşkarlanıb. Beş KİV əməkdaşı isə pandemiyanın qurbanı olub.

Dünyada indiyədək 60-dan çox mətbuat nümayəndəsi COVID-19 infeksiyasından həyatını itirib. Hələ epidemiya Azərbaycanda yeni yayılanda ATV-nin Almaniya üzrə müxbiri Şahin Abbasovun koronavirusa yoluxduğu barədə xəbər yayıldı, son günlərdə isə telekanalın daha iki əməkdaşında test nəticəsinin müsbət olduğu bildirildi. Jurnalist Anar Cəfərsoyun və bir neçə həmkarımızın da virusa yoluxması ilə bağlı məlumatlar var.

Publika.az-a danışan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu mövcud vəziyyəti dəyərləndirib, medianın pandemiya dövründə iş prosesi barədə danışıb.

Müsahibəni təqdim edirik:

- Artıq bir neçə media qurumunda işçilərin virusa yoluxması barədə məlumatlar var. Jurnalistlər də həkimlər kimi risk qrupuna aiddir. Sizcə çıxış yolu nədir?

- Koronavirusa yoluxan həmkarlarımıza can sağlığı arzulayıram. Bilsinlər ki, bu çətin mübarizədə onlar tək deyillər. Dualarımızla və həmrəyliyimizlə onların yanındayıq. Bundan da çəkinməsinlər. Çünki dünyanın ən məşhur simaları bu virusa yoluxublar. Bu, hər kəsin başına gələ biləcək bir şeydir. Nəzəriyyəyə görə, yaxın 2 il ərzində bütün dünya bu virusa yoluxacaq. Bu, ümummilli və ümumbəşəri problemdir. Çıxış yolunu isə dünyanın ən nəhəng dövlətləri belə hələ ki tapa bilmirlər. Tövsiyəmiz odur ki, media nümayəndələri sadəcə qorunsunlar və müvafiq qaydalara əməl etsinlər.

- Media nümayəndələri pandemiyadan necə qorunmalıdır?

- Jurnalistlər də özlərini qorumalı və sosial məsafəyə riayət etməlidirlər. Redaksiyalarda xeyli müddətdir ki, daha çox virtual fəaliyyətə üstünlük verilib. Aldığım məlumata görə, virusa yoluxan həmkarlarımın əksəriyyəti iş şəraitində və iş prosesində yoluxmayıblar. Çünki redaksiyaların xeyli hissəsi evdən, onlayn olaraq fəaliyyət göstərirdi. Virus ölkəmizdə var və bu, qaçılmaz bir həqiqətdir. Sadəcə insanlar, jurnalistlər özlərini qorumalıdırlar. Özünü qorumaq hər kəsi qorumaq deməkdir. Bu, həm də insanlığı qorumağa bərabərdir. Çünki bir nəfər özü də bilmədən çox sayda insana bu virusu yoluxdura bilir. Media nümayəndələri də maskadan istifadə etməlidir, tez-tez əllər dezinfeksiya olunmalıdır. Bundan əlavə, sosial məsafə saxlanmalıdır və çox sıx kütləvi toplanış yerlərindən çəkinməlidirlər. Mən çoxlu idman etməyi tövsiyə edirəm.

- Evdən işləmək, özünütəcrid şəraitində fəaliyyət göstərmək media üçün məqbuldurmu? “Yeni Müsavat” hansı şəraitdə çalışır?

- Buna məcbur qalandan sonra işləmək olar. Biz iki ay virtual fəaliyyət göstərdik. Artıq Nazirlər Kabinetinin qərarına əsasən media orqanlarının, xüsusilə də qəzetlərin fəaliyyəti bərpa olundu. Biz məcbur şəkildə tam heyətlə olmasa da müəyyən işçilərlə ofisdən işləməyə başladıq. Çünki qəzet sənayesi elə qurulub ki, bilavasitə işə çıxmağa məcburuq. Qəzet çapı prosesində virtual mərhələ çox məhduddur. Çünki burada fiziki iş ehtiyacı var. Ümid edirəm ki, qarşıdan gələn illərdə bu məsələ həll olunacaq və qəzet sənayesində də modelləşmə, virtuallaşma güclənəcək. Amma biz “Yeni Müsavat” qəzeti olaraq verilən qərara uyğun şəkildə redaksiyada fəaliyyətə başlamışıq. Hələ ki, əməkdaşlarımızın səhhətində heç bir problem yoxdur. Ümid edirik ki, bu heç olmayacaq da. Redaksiyanı dezinfeksiya etmişik, maskalardan istifadə olunur və ofisdə hər kəsin şəxsi istifadəsi üçün nəzərdə tutulan dezinfeksiyaedici maddələr var. İnformasiya, xəbər istehsalı kollektiv işdir. Bu baxımdan da bərabər işləmək və iş yerində olmaq faydalıdır. Amma iki ay ərzində qəzetimiz işləməsə də, saytlar fəaliyyət göstərdi və burada heç bir problem yaşamadıq. Əksinə, həmin dövrdə insanlar evdə olduqları və pandemiya ilə daha çox maraqlandıqları üçün davamlı olaraq tirajımız 40 faiz artdı. Çünki insanlar evlərində idi, xəbər alırdılar, saytlara daxil olaraq mötəbər məlumatlar axtarırdılar. Bu dövrdə biz çox məhsuldar işlədik. Yalnız mənsub olduğumuz media qrupunda qəzet işləmədi, digər yayım orqanları da fəaliyyət göstərirdi.

- Ümumiyyətlə, necə hesab edirsiniz, Azərbaycan mediası pandemiyaya adekvat fəaliyyət göstərə bildi?

- Hesab edirəm ki, biz pandemiyanın yaratdığı fövqəladə vəziyyət şərtlərinə cavab verdik. Saytlar işini davam etdirdi, informasiya axını dayanmadı, eyni zamanda insanlara ən etibarlı, mötəbər xəbər mənbəyi olmaqda davam etdik. Bu dövrdə sosial şəbəkələr ilk dəfə olaraq arxa plana keçdi. Normal media artıq ön planda idi. Çünki sosial şəbəkələr mötəbərlik baxımından o qədər də uyğun yer deyil, orda hər kəs hər şeyi paylaşa bilir. Amma normal media isə etibarlılıq əmsalına malikdir və burada məsuliyyət anlayışı var.

- Hələ də əhali arasında virusa inanmayanlar çoxluq təşkil edir. İkinci dalğanın olacağı proqnozlaşdırılır. Maarifləndirmə istiqamətində medianın üzərinə hansı vəzifələr düşür?

- Maarifləndirmə prosesi davam edir və bundan sonra da davam etməlidir. Virusun varlığına inanmayanların mütəxəssislərin verdiyi rəyə yanaşması özü bir psixoloji reaksiyadır. İnsan beyni müəyyən mərhələyə qədər informasiyanı qavrayır, sonra isə ona reaksiya verir. İnanmayanların əksəriyyəti virusa qarşı həssaslıq göstərənlərdir. Onlar eyni zamanda mövcud prosesi qorxu şəraitində keçirən şəxslərdir. Onlarda qəfildən beyin və psixoloji struktur dəyişir, inanmağa başlayırlar. Amma kimsənin “Günəş yoxdur” deməsi ilə Günəşin yox olmadığı kimi “koronavirus yoxdur” deməklə də o yox olmayacaq. O var və artıq bizim media sektoruna da keçib. Ətrafımızdakı tanınmış insanlarda, dövlət rəhbərlərində, idmançılarda bu virus aşkarlanıb. Təəssüf ki, bu var. Kaş ki, “olmayaydı və yoxdur” deyənlər haqlı olaydılar. Təəssüflə bildirirəm ki, bu belə deyil. Virus dünyanı təhdid edir və heç bir dövlət, dünya dövlətlər birliyi, keç kəs bu cür məhdudlaşmaya razı olmaz. Dünya üzrə trilyonlarla dollar zərər var. Kim buna razı olardı? Bu baxımdan təəssüf ki, virus var və biz bunu israrla deyil, sadəcə maarifləndirici şəkildə faktlarla insanlara çatdırırıq. Hazırda da bu işlə məşğuluq. Jurnalistika sektorunda yoluxan şəxslərin də adları elan olunub və o şəxslər tanınırlar.

- Dünya mətbuatı ilə paralellər aparsaq, Azərbaycan mediasının pandemiya fonundakı fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan mediası dünya mediasının bir parçasıdır. Amma dünyadakı nəhəng media vahidləri ilə onu müqayisə etmək doğru olmazdı. Çünki bizim auditoriyamız və media quruluşlarımız kiçikdir. Ancaq buna baxmayaraq biz də öz şərtlərimiz altında mətbuat və media funksiyalarını həyata keçirə bilirik. Dünya mediasına gəlincə, ilk dəfə idi ki, son aylarda dünyadakı, regiondakı və Azərbaycandakı normal media vahidləri sosial medianı üstələdilər. Bu da əsasən mötəbərlik ünvanına görə oldu. Sosial mediada olan məlumatlar yoxlanılmamış məlumatlardır. Dünya çapındakı qlobal media isə çox yaxşı fəaliyyət göstərdi. Bu dəfə onlayn sistem tamamilə tətbiq olundu və bu, çox uğurlu oldu. Bizim illərdir hazırlaşdığımız proses öz faydalarını verməyə başladı. O da onlayn proses və virtual sistemin qurulması idi. Artıq bu sistem dünyada yalnız alış-verişdə, xəbərləşmədə və hal-əhval soruşmaqda deyil, həm də informasiya mübadiləsində, xəbər istehsalında özünü doğrultdu, bir pillə yüksəldi.

Akqabay Mıradov

Mənbə: publika.az