Bəhruz Quliyev: Ölkəmiz istənilən fors-major hallardan minimum itkilərlə çıxmaq gücündə və zəmindədir

Bəhruz Quliyev: Ölkəmiz istənilən fors-major hallardan minimum itkilərlə çıxmaq gücündə və zəmindədir

Azərbaycanda Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət faktoru çoxşaxəlidir və ən əsası budur ki, hər birinin kökündə, təməlində vətəndaş amili, xalqın sosial rifahının mükəmməl şəkildə təminatı gerçəkliyi dayanmaqdadır. Xüsusilə pandemiya dövründə həyata keçirilən layihələr və reallaşdırılan məqsədlər deyərdim ki, öz miqyasına görə bir çox aparıcı ölkələri geridə qoyur.

Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezidenti İlham Əliyevin Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilmiş videokonfrans zamanı irəli sürdüyü fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı dəfələrlə öz çıxış və tezislərində insan faktorunun daim öndə saxlanıldığını vurğulayıb və məqsədinin bilavasitə xalqa xidmət etmək olduğunu bildirib:

“Videokonfrans zamanında da bu fikirləri diqqətə çatdıran və xüsusi olaraq önə sürən ölkə rəhbərimiz hazırkı məqamda insanların sağlamlıqlarının qorunmasının prioritetlik təşkil etdiyini xüsusi olaraq vurğulayıb. O da əbəs deyil ki, bir sıra ölkələrdən fərqli olaraq, pandemiyanın artdığı vaxt Azərbaycanda götürülən ölçülər və həyata keçirilən tədbirlər minimum itkilərlə müşahidə olunub. Hətta tətbiq edilən önləyici tədbirlərimiz başqa ölkələr tərəfindən öyrənilib, nümunə olaraq istifadə olunub. İstər Ümumdünya Səhiyyə Təşkilatının, istər digər mötəbər beynəlxalq qurumların, istərsə də ayrı-ayrı dövlət başçılarının Azərbaycanda aparılan işlərə yüksək qiymət vermələri də sübut edir ki, ölkəmiz istənilən fors-major hallardan minimum itkilərlə çıxmaq gücündə və zəmindədir.

Əlbəttə ki, bütün bunların təməlində uzun illərdir ki, həyata keçirilən mütərəqqi, məqsədyönlü və qətiyyətə hesablanmış uğurlu idarəçilik mexanizmi dayanmaqdadır. Əgər ölkəmizdə sosial-iqtisadi siyasətin dinamik inkişafı olmasaydı, Azərbaycan regional və beynəlxalq layihələrdə iştirakçı, təşəbbüskar və ideyaverici rolunda çıxış etməsəydi, ümumiyyətlə, ən vacib iqtisadi, enerji, sənaye və s. sektorlar üzrə siyasi iradə ortaya qoyulmasa idi bu gün həmin uğurlardan danışmaq olmazdı”.

B. Quliyev qeyd edib ki, əgər bu gün cənab İlham Əliyev işsizliyin, aztəminatlılığın aradan qaldırılması, pandemiyadan zərər çəkən sahələrin dəstəklənməsi üçün bütün imkanlardan istifadə edirsə, artıq bu faktın özü Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisi kimi qiymətləndirilə bilər:

“Dövlətimizin başçısı videokonfrans zamanı da bu fikirlərini önə sürərək xatırlatdı ki, qeyd olunanlarla yanaşı, hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayrılıb. Bəlli səbəbdən 4 ay ərzində iqtisadi artımımızın çox az olduğunu da deyən ölkə rəhbərimiz, bununla belə, həmin artımın 0,2 faiz təşkil etdiyini də vurğulayıb.

Halbuki, bir sıra dövlətlər hətta iqtisadi portensiallarına baxmayaraq, resessiya dövrünü yaşayırlar. Prezident İlham Əliyev də bu məsələyə diqqət çəkərək, hətta neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, iqtisadi sabitliyin qorunub-saxlanılması reallığını videokonfrans iştirakçılarının diqqətlərinə çatdırıb. Yəni bu gün sosial layihələr ixtisara salınmırsa, büdcədən çıxarılmırsa, bu Azərbaycan dövlətinin uğurlu siyasət tandeminin bariz göstəricilərindən biri kimi dəyərləndirilməlidir. Ona görə də, cənab Prezident qeyd etdi ki, ümumilikdə, Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq”.

Ekspert bildirib ki, daha bir mühüm nüans isə, Azərbaycan dövlətinin pandemiya başladığı andan yardım üçün, hər hansı digər dəstək üçün müəyyən qurumlara müraciət etməməsi ilə bağlıdır: "Dövlət başçımız müraciət edən 150 ölkədən fərqli olaraq, Azərbaycanın buna ehtiyacının olmadığını dedi. Əlbəttə, bu bizim iqtisadi gücümüzün mövcudluğu ilə yanaşı, həm də ehtiyatlarımızın qorunub-saxlanılmasının, artırılmasının nəticəsidir. Azərbaycan dövləti və rəhbərliyi qarşıya qoyulan bütün hədəflərə nail olur və hazırda istənilən problemlərin aradan qaldırılması üçün var gücünü ortaya qoyur, yeni planların icrası üçün səylər göstərilir.

O cümlədən, Azərbaycan bir sıra ölkələrə humanitar yardımlarını da göstərir ki, bu da ölkəmizin güc amilini, inkişaf və tərəqqi trayektoriyasının nə qədər geniş əhatəyə malik olduğunu da isbatlayır. Hesab edirəm ki, dayanıqlı və dinamik inkişaf gerçəkliyi qarşıdakı zamanlarda növbəti uğurlara imza atmaq üçün də geniş şərait və imkanlar yaratmaqdadır”.

Mənbə: az.trend.az