Balkan ölkəsində hökumət böhranı

Balkan ölkəsində hökumət böhranı

Bosniya və Herseqovinanın Təhlükəsizlik naziri Fahrudin Radoncic vəzifəsindən istefa etdiyini açıqlayıb.

Cebhe.info xəbər verir ki, Radoncic mətbuat konfransında istefa səbəbini açıqlayıb.

O, hökumət tərəfdaşları ilə, xüsusən miqrant böhranının həlli və bəzi pakistanlı mühacirlərin deportasiyasında fərqli fikirlərdə olduqlarını söyləyib. Demokratik Fəaliyyət Partiyası (DFP), Xorvat Demokratik Birliyi (XDB) və Müstəqil Sosial Demokrat Birliyi (MSDB) hökumətinin daha uzun müddət fəaliyyət göstərə bilməyəcəyini iddia edən Radoncic, hökumətin bu üç partiya arasında münasibətlərin "əsiri" olduğunu söyləyib. Çindən satın alınan respiratorlarla əlaqəli davam edən korrupsiya istintaqına toxunan Radoncic, ədliyyə orqanlarına olunan təzyiqin qəbuledilməz olduğunu bildirib. İstefasının səbəbi olaraq Bosniya və Herseqovinanın bəzi strateji məsələlərində fərqli siyasi yanaşmalara sahib olduğunu ifadə edən Radoncic, "Səbəblərim prinsiplərimlə tamamilə əlaqəlidir. Hirs, gərginlik və ya polemika yoxdur"-deyib.

Bu gün günortadan sonra Nazirlər Şurasının iclası olduğunu xatırladan Radoncic, toplantıdan sonra istefasını təqdim edəcəyini və artıq nazir olmayacağını vurğulayıb. Sözügedən üç partiyanın parlamentdə səs çoxluğuna sahib olduğunu bildirən Radoncic, sədrlik etdiyi “Daha Yaxşı Gələcək Birliyi”nin (SBB) artıq hökumətin bir hissəsi olmadığını da əlavə edib. Qeyd edək ki, Bosniya və Herseqovinada mövcud hökumət 23 dekabr 2019-cu ildə, seçkidən tam 14 ay sonra qurulub.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info