BMT və Avropa İttifaqı rasizmin bütün təzahürlərini pisləyir

BMT və Avropa İttifaqı rasizmin bütün təzahürlərini pisləyir

ABŞ-da baş vermişgeniş miqyaslı etiraz aksiyaları dünyada böyük rezonans doğurub. Dünən BMT-nin Baş katibi Antonio Quterreş ABŞ rəhbərliyini etirazçılara qarşı dözümlü olmağa, polisin kobud rəftarı ilə bağlı araşdırmalara baş­lamağa çağırıb. Məlumatı TASS verib.

Baş katibin nümayəndəsi Stefan Düjarrik bəyan edib ki, Quterreş baş verənlərdən narahatdır və “bütün halların təhqiq edilməsini” istəyir: “Jurnalistlərə qarşı hücum cəmiyyətə hücum deməkdir. Mətbuat azadlığı olmadan demokratiya mümkün deyil”.

Avropa İttifaqı da amerikalıların dinc etiraz hüququnu dəstəklədiyini, polis qəddarlığı da daxil olmaqla, bütün zorakılıq hallarını pislədiyini bildirib və ABŞ xalqını birlik və həmrəyliyə dəvət edib. Belə bir bəyanatla Aİ-nin xarici siyasət xidmətinin başçısı Jozep Borrel çıxış edib.

O qeyd edib: “Aİ rasizmin bütün təzahürlərini pisləyir və Amerika xalqını birləşərək yaraları sağaltmağa çağırır. Təşkilat polis tərəfindən zorakılıq və hakimiyyətdən sui-istifadəyə yol verilməsini də pisləyir. Afrika əsilli ame­rikalı Corc Floydun ölümü­nün səbəbi də məhz budur. Qaradərili vətəndaşlar da daxil olmaqla bütün insan­ların həyatı müqəddəsdir. Corc Floydun ölümü polisin xidməti səlahiyyətlərdən sui-istifadəsinin bariz nümunəsidir”.

Dünən Sidneyin yüzlərlə vətəndaşı da ABŞ-ın qaradərili vətəndaşına qarşı polis özbaşınalığı ilə bağlı etiraz aksiyasında iştirak edib. Yerli SBS telekanalı­nın verdiyi məlumata görə, şəhərin Hayd parkından Martin-Pleys meydanına və ABŞ-ın Sidneydəki baş kon­sulluğuna qədər həmrəylik marşı təşkil edilib.

Aksiyadan əvvəl təşkilatçılar bəyan ediblər: “Dünyanın bütün ölkələrində ədalət naminə qaradərili in­sanların öldürülməsinin qar­şısını almaq üçün bu dəqiqə nə isə etmək lazımdır”. Onlar həm də etirazçıları sakitliyi qorumağa çağırıblar.

Mənbə: xalqqazeti.com