D.Trampla V.Putin arasında telefon danışığı olub

D.Trampla V.Putin arasında telefon danışığı olub

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla dünyada yeni korona­virus infeksiyası ilə mübarizə və Yer kürəsində silahlar üzərində nəzarətin gücləndirilməsi və sair aktual mövzuları müzakirə edib. Bu barədə Ağ evin mətbuat xidmətinə istinadən “Amerikanın səsi” radiosu məlumat yayıb.

D.Tramp qeyd edib ki, Birləşmiş Ştatlar hökuməti ölkə vətəndaşları arasında təhlükəli infeksiyanın yayıl­masının qarşısının alınması, xəstələrin müalicə olunması üçün bütün tədbirləri gö­rür, eyni zamanda dava-dərmana, tibbi avadanlıqlara ehtiyacı olan ölkələrə öz köməyini əsirgəmir. Yeri gəlmişkən, məlumatda qeyd olunur ki, ABŞ Rusiyaya 200 süni nəfəs aparatı hədiyyə edib.

Dövlət başçıları kütləvi qırğın silahları üzərində nəzarətin təşkili məsələsi ilə əlaqədar da fikir mübadiləsi ediblər. Ağ evin açıqlamasın­da həmçinin qeyd olunur ki, prezidentlər söhbət zamanı “Böyük yeddilər”in qarşıdakı samitinə hazırlıq məsələsinə də toxunublar. Mətbuata sızan məlumata görə, D.Tramp sammitə Rusiya, Hindistan və Cənubi Koreya­nın liderlərini də dəvət etməyi planlaşdırır.

Rusiyanın ictimai-siyasi həyatı ilə bağlı başqa bir mühüm xəbəri də diqqətə çatdırmaq istərdik. Belə ki, Rusiya Prezidenti V. Putin Konstitusiyaya düzəlişlərlə əlaqədar ümumxalq səsverməsinin iyulun 1-də keçirilməsini təklif edib. Ölkə başçısı Mərkəzi Seçki Komissiyasına, Rusiya İs­tehlakçıların Hüquqlarına və İnsan Rifahına Nəzarət üzrə Federal Agentliyə, həmçinin regionların rəhbərlərinə seçki sahələrində tam təhlükəsizliyi təmin etmək barədə tapşırıq verib.

Xatırladaq ki, Rusiya Konstitusiyasına dəyişikliklərlə bağlı səsvermə əvvəlcə bu il aprelin 22- nə təyin edilmişdi. Lakin koronavirus pandemiyası səbəbindən proses təxirə salındı.

Mənbə: xalqqazeti.com