Tokioda koronavirusa yoluxma hallarının artdığına görə xəbərdarlıq elan olunub

Tokioda koronavirusa yoluxma hallarının artdığına görə xəbərdarlıq elan olunub

Tokio hökuməti son həftələr ərzində koronavirusa yoluxma ilə əlaqədar bir gündə baş verən sıçrayışa görə paytaxtda xəbərdarlıq elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Tokionun qubernatoru Koike Yuriko xəbərdarlığa baxmayaraq, iqtisadi fəaliyyətin bərpası istiqamətində işlərin davam etdiriləcəyini bildirib.

Tokio körfəzində yerləşən “Rainbow Bridge” (“Göyqurşağı körpüsü”) və Tokio administrasiyası binasının rəngləri xəbərdarlıq elan olunduqdan sonra adi göyqurşağı rənglərindən qırmızıya dəyişidirilib.

Paytaxt hökuməti nümayəndələrinin bildirdiyinə görə, iyunun 2-də Tokioda 34 yeni yoluxma halı qeydə alınıb. Bu göstərici son üç həftə ərzində ilk dəfə 30-u keçib.

Tokioda virusa yoluxanların sayı hökumət tərəfindən fövqəladə vəziyyət rejimi ləğv olunduqdan cəmi həftə sonra kəskin artıb. Paytaxt hökuməti xüsusən barlarda və gecə klublarında yoluxma hallarının artmasından narahatlığını bildirib. Tokioda son həftə ərzində qeydə alınan 90 yoluxma halının təqribən üçdə biri bu müəssisələrin payına düşüb.

Hökumət strukturları barlarda və gecə klublarında virusa yoluxma hallarının qarşısını almaq üçün mütəxəssislərlə məsləhətləşmələrə başlayıb.

Mənbə: azertag.az