"Azərbaycan vəkillərinin pandemiyaya hazır olmasını hətta Rusiya hüquqşünasları yüksək qiymətləndiriblər"-RƏY

Koronavirus pandemiyası əvvəllər biznes strukturları arasında bağlanmış müqavilələrdə bir çox çatışmazlıqları üzə çıxarıb. Xüsusilə, fors-major vəziyyətlər halında.
"Koronavirus"un fors-majorlarının səbəb olduğu məhkəmə prosesləri ilə bağlı vəkillərə bu cür müraciətlər çox olurmu? Məhkəmələrdə tərəflərdən birinin öhdəliyinin koronavirusun yaratdığı səbəblərə görə yerinə yetirilmədiyini necə sübut etmək olur?

Məsələ ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradlı Sonxeber.az-a açıqlama verib.
O, bildirib ki, məsələ aprel ayında Peterburq Beynəlxalq Hüquq Forumunda geniş müzakirə edilib. Həmin forum 3 gün davam edib və Azərbaycandan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri cənab Anar Bağırov başda olmaqla bir neçə vəkil iştirak edib:

"Panel iclaslarından birinə sədrliyi Azərbaycan vəkillərini təmsil edən kollegiyanın sədri Anar Bağırov edib. Mövzu isə qeyd etdiyiniz kimi pandemiya dövründə fors-major vəziyyət və vəkillərin buna hazır olması olub. Həmin forumun əsas xətti demək olar ki, öhdəliklərdən irəli gələn məsələlərin elektron qaydada tənzimlənməsi olub. Yekdil fikir ondan ibarət olub ki, hansı qurumlar işlərini elektron daşıyıcılar üzərindən aparıblarsa həmin sahə daha az ziyanla çıxacaq.

Hazırda karantin rejimi tam olaraq aradan götürülməyib. Bu səbəbdən də hesab edirəm ki, müqavilə şərtlərindən irəli gələn öhdəliklərin icrasının ləngiməsi, dəymiş ziyanla bağlı məhkəməyə müraciət edilməsi hələlik gündəmdə deyil və bu sahədə müraciətlər demək olar ki, yoxdur. Hesab edirəm ki, sentyabrdan sonra bu məsələ aktuallaşacaq.
Həm də nəzərinizə çatdırmaq istəyirəm ki, kommersiya mübahisələrində məsələ məhkəməyə müraciət etməklə bitmir. Məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçı tərəf mütləq qaydada konkret olaraq müqavilə şərtlərindən irəli gələn məsələ ilə bağlı müəssisənin auditini keçirməlidir və auditorun rəyindən sonra məsələni məhkəmə qaydasında mübahisələndirməlidirlər.

Pandemiyadan əvvəl işlərin elektron daşıyıcılar üzərindən görülməsi Vəkillər Kollegiyası rəhbərliyinin iradəsi idi və nə qədər doğru qərar olmasını zaman göstərib. Azərbaycan vəkillərinin pandemiyaya hazır olmasını hətta Rusiya hüquqşünasları yüksək qiymətləndirblər və Azərbaycan vəkillərinin öncəgörmə qabiliyyətinin olmasını bildiriblər".

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək

SONRAKI XƏBƏR

Ağdaşda indiyədək 500 hektarda çəltik əkilib