“Floyd qiyamı” seçkilərdə Trampa ciddi zərbə vura bilər

“Floyd qiyamı” seçkilərdə Trampa ciddi zərbə vura bilər

ABŞ-da qaradərili Corc Floyduna adlı vətəndaşın polis zorakılığı nəticəsində ölümündən sonra başlayan etirazlar artıq 7-ci gündür ki, davam edir.

Yenisabah.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp etirazları yatırmaq üçün ağır silahlı ordu hissələrini göndərməklə bağlı tapşırıq verib.

Bundan başqa ölkənin paytaxtı Vaşinqton və ən böyük şəhəri Nyu Yorkda komandant saatı elan olunub. Dünyanın ən güclü ölkəsində baş verən hadisələrin yalnız ABŞ deyil, bütövlükdə dünyaya ciddi təsiri olması qaçılmazdır.

Doğrudur, ABŞ daha əvvəl də bu cür etirazlarla qarşılaşıb. Amma hazırda hadisələr koronavirus pandemiyasının şiddətli dövründə və iqtisadi problemlərin şiddətləndiyi bir dönəmdə baş verir. Bundan başqa, noyabrda ABŞ-da prezident seçkiləridir. Ona görə də baş verənlər daha çox siyasi aspektdən şərh edilir.

Analitiklər hesab edir ki, “Floyd qiyamı” seçkilərdə Donald Trampa ciddi zərbə vura bilər. Demokratlar Partiyasının etirazlara açıq dəstək verməsi və artıq aksilayaların bütövlükdə Tramp hakimiyyətinə yönəlməsi bu qənaətin yaranmasına səbəb olub.

Tramp Prezident seçiləndən bəri daxili təzyiqlə üz-üzədir. Hətta onun barəsində impiçment araşdırmalarına başlamışdı. Respublikaçılar Partiyasının Senatda çoxluq təşkil etməsi Trampı bu məsələdə xilas etdi.

ABŞ hakimiyyəti həm də koronavirus imtahanından üzü ağ çıxa bilmədi. Bu gün infeksiyaya yoluxma sayına görə ABŞ dünyada liderdir. Ölkə daxilində bunu hakimiyyətin virusa qarşı effektiv mübarizə apara bilməməsi ilə izah edirlər.

Bütün bunlar üçün noyabr seçkilərinin Tramp üçün gərgin keçəcəyini deməyə əsas verir. Az inandrıcı olsa da, ABŞ Prezidentinin seçkilərə qədər istefaya gedəcəyi barədə də mülahizələr irəli sürülür. Bu fikirdə olanlar Floydun ölümünə görə etirazların davam etməsi və getdikcə qarşısıalınmaz prosesə çevrilməsini də Trampı istefaya məcbur etmək məqsədi daşıdığını düşünürlər.

 

Mənbə: yenisabah.az