“COVID-19 böhranı zamanı çoxtərəfliliyin müqəddəratı” adlı vebinar keçirilib

“COVID-19 böhranı zamanı çoxtərəfliliyin müqəddəratı” adlı vebinar keçirilib

Bakı, 3 iyun, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “COVID-19 böhranı zamanı çoxtərəfliliyin müqəddəratı” adlı vebinar keçirilib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, BMTM-in idarə heyətinin sədri Fərid Şəfiyev çıxışı zamanı bildirib ki, vebinarda məqsəd COVID-19 böhranı zamanı çoxtərəfliliyin qarşılaşdığı əsas problemlərin nədən ibarət olduğunu və bu problemlərin qarşısını almaq üçün görülməli olan tədbirləri müzakirə etməkdən ibarətdir. O, gələcəklə bağlı daha optimist olduğunu deyərək dünyanın ispan qripi, İkinci Dünya müharibəsi dövrünə nisbətən daha yaxşı vəziyyətdə olduğu söyləyib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai çıxışı zamanı qeyd edib ki, çoxtərəflilik böyük tarixə malik olsa da İkinci Dünya müharibəsindən sonrakı dövrdə daha böyük aktuallıq daşıyır. Onun sözlərinə görə, dünya müharibəsindən sonra çoxtərəfliliyi əsas götürərək meydana çıxan vacib təşkilatlardan biri də BMT-dir. Hazırda isə COVID-19 virusunun meydana çıxması ilə çoxtərəflilik üçün daha böyük zərurət yaranıb. COVID-19 dünyanı İkinci Dünya müharibəsindən sonra ən böyük çağırışla üz-üzə qoyur. Pandemiya qlobal əməkdaşlığın nə dərəcədə vacib olduğunu göstərir. Qulam İsaqzai Azərbaycanın pandemiya dövründə əməkdaşlığa verdiyi töhfələrdən danışıb. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının və Türk Şurasının keçirilən sammitlərini və ölkələrə dəstəyini xüsusi vurğulayıb və Azərbaycanın ÜST-ə dəstək məqsədi ilə 10 milyon dollar ayırdığını qeyd edib.

Daha sonra çıxış edən BMT İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Alessandro Frakasetti bildirib ki, dünyada irəli sürülən bütün proqnozlara baxmayaraq, o da hadisələrə optimist yanaşır. Onun sözlərinə görə, BMT-nin 75 illik tarixində, xüsusilə hazırkı pandemiya zamanı daha yaxşı və güclü gələcək üçün birgə hərəkətin vacib olduğu bu qədər aydın olmamışdı. Onun sözlərinə görə, bəzi ölkələr nə qədər tək hərəkət etmək və sərhədləri bağlamaq istəsələr də anladılar ki, onlar da digər ölkələrdən gələn informasiyalar və avadanlıqlardan asılıdırlar. Dünyadakı digər qlobal çağırışlar da vahid yanaşmanı tələb edir. Bu həm də ümumi imkanlar yaradır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, bu kimi böhranlara qarşı əməkdaşlıq şəkilində hərəkət əsas istiqamətdir. İlin əvvəlində virus yayılarkən hamımız digər tərəfdaşlarımızı dinləməsəydik, virusu tanıya və simptomlarını bilməzdik. Biz ən yaxşı həkim işini, avadanlıqları praktikanı nəzərdən keçirə bildik.

Mənbə: azertag.az