Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsinin görüşü keçirilib

Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsinin görüşü keçirilib

Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsinin təsisçi üzvlərin iştirakı ilə növbəti görüş keçirilib. Koronavirus pandemiyası səbəbi ilə bu dəfə görüş onlayn platforması vasitəsilə həyata keçirilib.

"Report" xəbər verir ki, onlayn görüş tədbirin təşkilatçısı, Şəbəkənin təsisçilərindən biri, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli tərəfindən təşkil edilib. Bu dəfəki görüşün əsas məqsədi ölkədə uşaq hüquqları ilə bağlı mövcud vəziyyət, bu istiqamətdə həyata keşirilən islahatlar, yerlərdə mövcud çatışmazlıqlar və onların aradan qaldırılması məqsədilə vətəndaş cəmiyyəti institutlarının dövlət orqanları ilə əməkdaşlığı perspektivləri, COVID-19 pandemiyasının uşaqlara sosial təsiri, uşaq hüquqları sahəsində aparılmış tədqiqatlarla tanışlıq, üzv QHT-lərin gördüyü işlər, uşaq ədliyyəsi məsələləri və BMT-in uşaq hüquqlarına dair Komitəsinə hazırlanacaq alternativ hesabat və s. məsələlər müzakirə olunub.

Görüşdə Şəbəkənin təsisçilərindən biri, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə tətbiq edilən xüsusi karantin rejimi şəraitində uşaq hüquqlarının təmininə diqqətin daha da artırılması məqsədilə Ombudsmanın gördüyü işləri diqqətə çatdırıb və görüş iştirakçılarının suallarını cavablandırıb.

Tədbirdə habelə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədr müavini Elmari Məmişov, Hərbi-siyasi analitik Ramil Məmmədli, Tədqiqatçı ekspert İsmayıl Kərimov, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov, Ümidli Gələcək Gənclər Təşkilatının direktoru Kəmalə Aşımova, Hüquqşünas, Uşaq hüquqları üzrə ekspert Fariz Əkbərov, Təmiz Dünya təşkilatının rəhbəri Mehriban Zeynalova çıxış edib.

Tədbirdə görüşdə iştırakçılar ümumi razılığa gəliblər ki, uşaq hüquqları problemlərinin həlli istiqamətində əlaqədar dövlət qurumları və Ombudsman təsisatı ilə görüşlər keçirilsin və məsləhətləşmələr aparılsın.

Şəbəkənin əsas məqsədi Azərbaycanda müxtəlif sahələr üzrə ölkənin inkişafına yönəlmiş təhlil, tədqiqat və proqnozlaşdırma işləri vasitəsilə bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək göstərilməsinə, bu sahədə fəaliyyət göstərən təşkilatlar və mütəxəssislər potensialının səfərbər edilməsidir.

Mənbə: report.az