Yoluxma sayı bizim üçün böyükdür - Ramin Bayramlı

Yoluxma sayı bizim üçün böyükdür - Ramin Bayramlı

Bu günədək 3665 yeni yoluxma faktı qeydə alınıb və bu say bizim üçün kifayət qədər böyükdür.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Biz bildirmişdik ki, kifayət qədər çarpayı fondumuz var, yeni modul tipli xəstəxanalar açılır. Bu günədək ciddi nailiyyətlər əldə olunub. Əldə edilən nailiyyətlərlə biz epidemiyanın sonrakı mərhələsinə keçidlə bağlı qərarlar qəbul etmişik".

O bildirib ki, biz hazırda pandemiyanın ikinci mərhələsindəyik:

"Operativ Qərargah mərhələli şəkildə yumşalmaya getdi. Əldə edilən epidemik nailiyyətlər yumşalma və sosial iqtisadi göstəriciləri nəzərə alaraq, bizdə inam yaratdı. İnsanların həmrəy olmaları bizim nailiyyətlərimizə təsir etdi. ÜST başda olmaqla, beynəlxalq təşkilatlarla, mütəxəssislərlə təməsda olduq. Laboratoriyalar və digər avadanlıqlarla xəstəxanalarımız tam təchiz edilib".

O bildirib ki, bu gün koronavirusla bağlı konkret müalicə üsulu yoxdur:

"Biz normal həyata birdən birə dönəcəyimizi düşünməməliyik. Yaxın gələcəkdə virusun vaksinin tapılması barədə hər hansı bir fakt yoxdur.

Biz bu rejimdən tədricən çıxmalı və bütün qaydalara əməl etməliyik".

O əlavə edib ki, koronavirusla mübarizədə bütün sahələrə aid metodik tövsiyələr hazırlanıb: "Bunlar vətəndaşlara xidmət göstərən müvafiq sahələrə çatdırılıb. Eyni zamanda, müxtəlif elektron maarifləndirmə materialları hazırlanıb. İctimai yerlərdə metodiki tövsiyyələrdəki qaydalar insanlara çatdırılıb".

Mənbə: axar.az