Rus deputat Zatulinin ermənipərəstlik damarı yenə qalxıb – hədəf Azərbaycan torpaqlarıdır

Rus deputat Zatulinin ermənipərəstlik damarı yenə qalxıb – hədəf Azərbaycan torpaqlarıdır

Məhəmməd Əsədullazadə: “Zatulin kimi erməni pulu ilə danışanların əsas məqsədi Rusiya-Azərbaycan əlaqələrinə zərbə vurmaqdır”

Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiyası və həmvətənlərlə münasibətlər üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin yenidən fəallaşaraq Azərbaycana yönəlik təxribatçı fikirlər səsləndirib.

O qeyd edib ki, tanınmamış “Artsax respublikası” heç vaxt Azərbaycan Respublikası ilə ortaq hüquqi və siyasi məkana qayıtmayacaq, Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə iradəsi aşılmaz : “Mənim təşəbbüsümlə Rusiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk və yeganə parlament dinləmələrinin qısaldılmış formada keçirildiyi Birinci Dövlət Dumasından bəri gəldiyim və söylədiyim fikirlərim belədir. Biz Dağlıq Qarabağ münaqişəsini Sovet İttifaqından miras qoyduq. Ötən illərdəki ən vacib uğur 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə hüdudsuz atəşkəs barədə razılıq əldə olunmasıdır. Təəssüf ki, bəzən bu tənzimləmə pozulur, amma atəşkəs, fikrimcə, davamlı nizamlama prinsipidir. Tərəflər köməyimizlə öz aralarında razılaşmalıdırlar. Ancaq mənə bir müşahidəçi və ekspert olaraq aydındır ki, tanınmamış “Artsax respublikası” heç vaxt Azərbaycan Respublikası ilə ortaq hüquqi və siyasi məkana qayıtmayacaq. Məsələ çox uzandı və Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə iradəsi aşılmaz. Münaqişə qarşılıqlı güzəştlər yolu ilə həll edilə bilər – “DQR”in mövcudluğunun sübutlarının müqabilində erməni özünümüdafiə qüvvələri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda nəzarət etdikləri ərazilərin əksəriyyətini Azərbaycana qaytarmalıdır”.

Zatulin artıq neçənci dəfədir bu cür təxribatçı xarakterli fikirlər səsləndirir. Hər dəfə də ermənilərin xeyrinə olan tezislərlə çıxış edir.

“Onun məlum açıqlaması heç bir real təkliflərə əsaslanmayan yanaşmadır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, K. Zatulin Ermənistanın Rusiyada lobbiçisidir və onun əsas missiyası anti-Azərbaycan fəaliyyəti ilə məşğul olmaqdır: “Onun Ermənistanda tədbirlərə qatılması və burada əsas ritorikada Azərbaycan əleyhinə fikirlər səsləndirməsi birbaşa bu insanın nə qədər pula həris biri olduğunu göstərir. Zatulin ermənilərin pulu ilə danışır və onun bu kimi açıqlamaları, sadəcə, riyakarlıqdır. Rusiyanın müəyyən siyasi dairələrində Azərbaycana qarşı siyasət müsbətdir və bu istiqamətdə işlər davam edir. Zatulin kimi erməni pulu ilə danışanların əsas məqsədi Rusiya-Azərbaycan əlaqələrinə zərbə vurmaqdır. Zatulin bilməlidir ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin, mərhələli həll planına dəstək verib. Qarabağın müstəqilliyindən burada söhbət gedə bilməz və Azərbaycanın hüdudları çərçivəsində muxtariyyət dəstəklənir. Ümumiyyətlə, Zatulinin məlum açıqlaması heç bir real təkliflərə əsaslanmayan yanaşmadır. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi üçün Prezident İlham Əliyev çox ciddi siyasi işlər aparır. Bu, Rusiya ilə də aparılır və Zatulin kimi ünsürlərin bu bəyanatı ermənilərdən yeni vəsait alınmasına hesablanıb. Ümumiyyətlə, münaqişənin həlli mərhələli həll fonunda mümkündür. Bu zaman ətraf rayonlar qaytarılmalı, Qarabağın statusu ölkə hüdudları daxilində olmalıdır”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com