Çin Honkonq məsələsi ilə bağlı açıqlamaya görə Böyük Britaniyaya etirazını bildirib

Çin Honkonq məsələsi ilə bağlı açıqlamaya görə Böyük Britaniyaya etirazını bildirib

Pekin, 3 iyun, AZƏRTAC

Çin Böyük Britaniyanın Xarici işlər naziri Dominik Raabın Çinin Honkonq xüsusi inzibati bölgəsi ilə bağlı açıqlamasına görə Londona etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien gündəlik mətbuat konfransında Böyük Britaniyanın Honkonq üzərində heç bir hüququ və nəzarəti olmadığını bəyan edərək, qanunverici orqanda Honkonqa dair qəbul olunmuş milli təhlükəsizlik qanununun Çinin daxili işi olduğunu və Böyük Britaniya da daxil olmaqla bütün ölkələrin Çinin işlərinə müdaxiləni dayandırmalı olduğunu deyib.

"Hazırda Britaniyanın Honkonq üzərində nə hüququ, nə də nəzarəti var", -deyən Cao Licien əlavə edib ki, milli təhlükəsizlik qanunu "Bir dövlət, iki sistem" prinsipini, Honkonqun sabitliyini və inkişafını müdafiə etmək üçündür. Böyük Britaniya "Soyuq müharibə" və müstəmləkə düşüncəsindən əl çəkməli, beynəlxalq hüquqa uyğun olaraq Çinin daxili işlərinə müdaxiləyə son verməlidir.

Qeyd edək ki, Böyük Britaniyanın Xarici işlər naziri Dominik Raab parlamentdə çıxışı zamanı Çinin Honkonq "mirvarisi"ni represiyalar ilə məhv etdiyini deyib. O, Çinin Honkonqla bağlı mövqeyindən geri çəkilməli və beynəlxalq öhdəliklərinə sadiq qalmalı olduğunu söyləyərək, Böyük Britaniyanın Honkonq və onun xalqı qarşısında keçmiş müstəmləkə dövləti kimi mənəvi məsuliyyət daşıdığını bildirib.

Coğrafi baxımdan əlverişli mövqedə yerləşən Honkonqu ingilislər 1841-ci ildə tutublar. Honkonq 1997-ci ildə Çinin suverenliyinə qaytarılsa da, “Bir dövlət, iki sistem” kursu çərçivəsində 2047-ci ilə kimi xüsusi idarəetmə ərazisi kimi qalmaqda davam edəcək.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: azertag.az