Prezidentə məktub: “Xalqımızı təhlükədən qorumaq üçün gördüyünüz bütün tədbirləri bəyənirik”

Prezidentə məktub: “Xalqımızı təhlükədən qorumaq üçün gördüyünüz bütün tədbirləri bəyənirik”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Bakıdan Əhmədağa Rəşidov ölkə başçısına məktubunda qeyd edir:

“Hörmətli cənab Prezident, mənim 71 yaşım var, təqaüdçüyəm. COVID-19 virusunun bütün dünyaya yayılaraq kütləvi insan tələfatına gətirib çıxardığı bir zamanda Sizin xalqımızı bu təhlükədən qorumaq məqsədilə uzaqgörənliklə gördüyünüz bütün tədbirləri bəyənirik.

Əmək veteranı, təcrübəli bir geofizika mütəxəssisi kimi şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm. Cənab Prezident, bu yeni koronavirusla bağlı verdiyiniz qərarlardan birini xüsusi qeyd etmək istəyirəm. COVID-19 infeksiyasına yoluxan xəstələrin sağalması üçün istirahət bilmədən, ailələrini görmədən gecə-gündüz çalışan tibb işçilərinin məvaciblərini 3-5 dəfə artırmağınızı çox yüksək qiymətləndirirəm. Həm Sizə, həm də tibb işçilərinə təşəkkürümü çatdırıram və Sizi ürəkdən alqışlayıram”.

Mənbə: sherg.az