Avstriya İtaliya istisna olmaqla bütün qonşu ölkələrlə sərhədləri açır

Avstriya İtaliya istisna olmaqla bütün qonşu ölkələrlə sərhədləri açır

Vyana, 3 iyun, AZƏRTAC

Avstriya iyunun 4-dən etibarən İtaliya istisna olmaqla bütün qonşu ölkələrlə (Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, İsveçrə və Lixtenşteyn) sərhədləri açır.

AZƏRTAC xəbər verir ki, sadalanan ölkələrlə sərhədlərdə karantin və ya test tələbi ləğv edilib və koronavirus pandemiyasından əvvəlki formada sərhəddi sərbəst keçmək mümkün olacaq.

Avstriyanın Federal Xarici İşlər naziri Aleksander Şallenberq mətbuat konfransında bildirib ki, hazırkı göstəricilər İtaliya ilə də sərhədləri açmağa icazə vermir. Növbəti həftə bu ölkə ilə bağlı cari vəziyyətin dəyərləndirilməsi həyata keçirilməli və yalnız bundan sonra sərhədlərin açılmasına qərar verilməlidir. Nazir qeyd edib ki, İtaliyanın ayrı-ayrı regionları ilə (məsələn, Avstriya ilə həmsərhəd Trentino (Cənubi Tirol) əyalət) Avstriya arasında sərbəst gediş-gəlişə icazə verilə bilər, çünki orada COVID-19 ilə bağlı statistika artıq qənaətbəxş vəziyyətdədir.

Nazir yaxın müddətdə xarici ölkələrə səfər edəcək şəxslərə fərdi qaydada məsuliyyətli olmağı, müvafiq hazırlıqlar görməyi və ünsiyyətdə olacağı sosial çevrəni diqqətdə saxlamağı tövsiyə edib. O, ölkə vətəndaşlarını gərək olmadığı təqdirdə xarici səfər və tətil səfərlərini təxirə salmağa, bu il yay tətilini Avstriyada keçirməyə çağırıb.

Mətbuat konfransında, həmçinin bildirilib ki, digər ölkələrlə sərhədlərin nə vaxt açılacağı məsələsində səbrli olmaq lazımdır. Avstriya tərəfi Qeyri-Avropa ölkələri ilə sərhədlərin açılmasında ümumavropa yanaşmasına üstünlük verəcək. “Qlobal baxdıqda, hazırda koronavirus pandemiyasının ən qızğın dövründəyik”, - deyən A.Şallenberq dünyanın əksər ölkələrinə sərbəst səfər imkanının ən tez bir neçə aydan sonra mümkün olacağını da ifadə edib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Mənbə: azertag.az