Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə sıx əlaqələri qeyri-neft sektorunun inkişafını sürətləndirir

Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə sıx əlaqələri qeyri-neft sektorunun inkişafını sürətləndirir

Bu il iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Dövlətimizin başçısının tədbirdəki nitqində səslənən dəyərli fikir və mülahizələr ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Aqrar elmləri üzrə fəlsəfə doktoru, Əməkdar kənd təsərrüfatı işçisi Babakişi Quliyev bu barədə düşüncələrini bizimlə bölüşərkən dedi:

– Mən videokonfransı tele­vizyadan dərin maraqla izlədim. Xalqımızın sevimli lideri cənab İlham Əliyev öz parlaq nitqində bir çox aktual mövzulara toxun­du. Tədbirdə hazırda bütün dün­yanı çənginə alan yeni korona­virus təhlükəsinin önlənməsi ilə bağlı ölkəmizdə görülən uğurlu işlər barədə də söz açıldı.

Dövlətimizin başçısı qeyd etdi ki, pandemiya dövründə Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl tədbirlər, gərgin səylər insanların sağlamlığını qorumaq məqsədi daşıyıb. Reallıq budur ki, vaxtında atılan addımlar sayəsində böyük ölkələrlə müqayisədə Azərbaycan daha az, minimum itki verib.

Tədbirdə, həmçinin qeyd edildi ki, ölkəmizdə iqtisa­diyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizləri, işini itirmiş insanları, aztəminatlı insan­ları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş vətəndaşları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayrılıb. Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava dedi ki, başçılıq etdiyi qurum COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addım­ları tam şəkildə dəstəkləyir. Fikrimcə, bu, ədalətli və obyek­tiv dəyərləndirmədir.

Çağdaş dönəmdə pandemiya ilə əlaqədar bir çox ölkələrin iq­tisadiyyatında ciddi geriləmələr baş verir. Azərbaycanda, əksinə 4 ay ərzində iqtisadi artım 0,2 faiz təşkil etmiş, qeyri-neft sənayesində artım isə 16 faiz olmuşdur. Fəxrlə qeyd etmək lazımdır ki, bu uğurlar, ilk növbədə möhtərəm Preziden­timiz İlham Əliyevin yüksək səriştəli idarəçiliyi sayəsində mümkün olmuşdur.

Azərbaycan dövləti qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin sürətli inkişafına böyük önəm verir. Mən yarım əsrdən çoxdur ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İns­titutunda çalışaram. Bu elmi tədqiqat müəssisəsi bağlar diyarı Quba rayonunda yerləşir. Rayonda son illər meyvəçiliyin, kənd təsərrüfatının digər sahələrinin sürətli inkişafı üçün görülən işlərin həcmi və miqyası heyrətamizdir. Təkcə son bir neçə ildə Qubada çox sayda rahat yollar salınıb, məktəblər, bağçalar və digər sosial obyektlər ucaldılıb. Bütün bunlar regionların, bütövlükdə ölkəmizin günbəgün güclənməsindən, əhalinin rifa­hının yaxşılaşmasından xəbər verir.

Düşünürəm ki, Azərbaycanın Asiya İnkişaf bankı, dünyanın digər nüfuz­lu maliyyə qurumları ilə sıx əlaqələri ölkəmizin inkişafını daha da sürətləndirəcək. Ulu öndər Heydər Əliyev vaxtilə de­mişdir ki, müstəqil Azərbaycan bütün dünyaya Günəş kimi doğacaq. Xoşbəxtlikdən, Prezi­dent İlham Əliyevin liderliyi ilə bu böyük arzu, məram artıq çin olmuşdur!

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com